İranın Asiyadakı neft ehtiyatları tükənib – ABŞ blokadasının nəticəsi
İranın Asiya sularında tankerlərdə saxladığı neft ehtiyatları ABŞ-ın dəniz blokadası fonunda tamamilə tükənib.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” qəzeti “Kpler” analitik şirkətinin məlumatlarına istinadən bu barədə xəbər yayıb.
Şirkətin hesablamalarına görə, İranın əsasən Çin bazarına ixrac üçün nəzərdə tutduğu üzən neft ehtiyatları oktyabrın ortalarında başa çatıb.
ABŞ-ın tətbiq etdiyi dəniz blokadası İranın Hörmüz boğazından yeni neft partiyaları çıxarmasına mane olduğundan Tehran Asiya sularındakı ehtiyatlarını yeniləyə bilməyib.
“Kpler”in məlumatına əsasən, iyulun ortalarında təxminən 90 milyon barel olan bu ehtiyatlar sonrakı aylarda sürətlə azalıb.
Şirkətin xam neft bazarı üzrə təhlil rəhbəri Homayun Fələxşahi bildirib ki, artıq Çinə tədarük etmək üçün tankerlərdə əlavə neft qalmayıb.
Ekspertlər hesab edirlər ki, ehtiyatların tükənməsi İranın əsas valyuta gəlirlərindən birini məhdudlaşdıraraq ölkənin iqtisadi vəziyyətinə əlavə təzyiq göstərə bilər.
Qeyd edək ki, ABŞ-ın iyulun 14-də yenidən tətbiq etdiyi dəniz blokadası İranın beynəlxalq bazarlara neft ixracını ciddi şəkildə məhdudlaşdırıb
17:40 22.10.2026
Oxunuş sayı: 55