Rusiyalı deputat Zelenskinin tarixi açıqlamasını ələ saldı
Rusiya Dövlət Dumasının deputatı Aleksandr Asafov Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsinin Kiyev Rusunun varisi olması ilə bağlı açıqlamasını tənqid edib.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” nəşri bu barədə deputatın açıqlamasına istinadən məlumat yayıb.
Asafov bildirib ki, Zelenskinin Ukraynanın tarixi ilə bağlı fikirləri tarix təhsili almış insanlarda gülüş doğurur.
Deputatın sözlərinə görə, Ukraynada Kiyev Rusunun tarixi irsini yalnız bu ölkəyə aid etmək cəhdləri əvvəllər də olub.
“Ortaq tarixi və Rus dövlətinin tarixini mənimsəmək cəhdləri müxtəlif dövrlərdə dəfələrlə edilib. Ukrayna tarixşünaslığında Qara dənizdən tutmuş qədim misirlilərin ukraynalılardan törəməsi barədə iddialara qədər müxtəlif fikirlər səsləndirilib”, – deyə Asafov bildirib.
O iddia edib ki, Ukraynanın dövlətçilik tarixini qədim dövrlərə bağlamaq cəhdləri siyasi məqsəd daşıyır.
“Bu, tarixi yenidən yazmaq, tarixi həqiqəti və Rusiyanın tarixi haqlılığını təhrif etmək cəhdidir”, – deyə deputat vurğulayıb.
Asafov Zelenskinin mövqeyini keçmişdə Rusiya əleyhinə çıxış etmiş Stepan Bandera, Simon Petlyura və İvan Mazepanın siyasi baxışları ilə də müqayisə edib.
Qeyd edək ki, Zelenski daha əvvəl bloqer Stiven Bartlettə müsahibəsində Ukraynanın Avropada tanınan, inkişaf etmiş mədəniyyətə və ənənələrə malik Kiyev Rusunun varisi olduğunu, Rusiyanın isə daha sonra meydana çıxdığını bildirib.
17:45 22.10.2026
Oxunuş sayı: 50