Rusiyanın 17 gəmisi Britaniyada casusluqda şübhəli bilinir
Rusiyaya məxsus 17 balıqçı gəmisinin Böyük Britaniyanı Avropa və ABŞ ilə birləşdirən strateji sualtı rabitə kabelləri yaxınlığında şübhəli fəaliyyət göstərdiyi müəyyən edilib.
Crossmedia.az xəbər verir ki, Britaniyanın “The Telegraph” nəşri apardığı araşdırmanın nəticələrinə əsasən bu barədə məlumat yayıb.
Araşdırma zamanı Rusiya gəmilərinin sualtı kommunikasiya xətlərinin yaxınlığında 500-dən çox şübhəli hərəkəti qeydə alınıb.
Məlumata görə, gəmilər dəfələrlə sürətlərini azaldıb, istiqamətlərini dəyişib və kabel marşrutları boyunca hərəkət ediblər. Bu fəaliyyətin sualtı kabellərin dəqiq yerləşmə nöqtələrinin müəyyənləşdirilməsinə yönələ biləcəyi ehtimal olunur.
Britaniya rəsmiləri əldə edilən məlumatların gələcəkdə mümkün diversiya əməliyyatlarında istifadə oluna biləcəyindən narahatdırlar.
Bildirilib ki, NATO da kəşfiyyat məqsədilə istifadə olunduğundan şübhələnilən mülki gəmilərin hərəkətini izləyir.
Bununla belə, gəmilərin casusluq fəaliyyəti həyata keçirdiyinə və ya sualtı kabellərə zərər vurduğuna dair qəti sübut təqdim edilməyib.
17:27 22.10.2026
Oxunuş sayı: 53