BMT-nin kağız üzərində qalan qərarını TƏKBAŞINA İcra etdi! – Bakı dünyanı necə hərəkətə gətirdi?
BMT-nin yaranmasının 81-ci ildönümü və BMT Nizamnaməsinin ratifikasiyasına həsr olunmuş təntənəli tədbirdə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Azərbaycanın bu qlobal təşkilatdakı müstəsna və məsuliyyətli rolu barədə mühüm bəyanatlarla çıxış edib. Nazir müavini vurğulayıb ki, rəsmi Bakı Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqindən tutmuş rəqəmsal innovasiyaların inkişafına, qadınların və gənclərin səlahiyyətlərinin artırılmasına, o cümlədən humanitar səylərə və mina təmizləmə əməliyyatlarına töhfə verməyə qədər BMT-nin qlobal gündəliyi ilə tam uyğunlaşmanı davam etdirir. Azərbaycanın çoxtərəfli diplomatiyanın təməl daşı kimi BMT-ni gördüyünü və onun fəal üzvü olmaqdan qürur duyduğunu bildirən Yalçın Rəfiyev, mədəniyyətlərarası dialoqun ölkəmiz üçün sadəcə xarici siyasət deyil, milli mədəniyyətimizə dərindən kök salmış bir həyat tərzi olduğunu diqqətə çatdırıb. Həmçinin BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ofisinə sıx tərəfdaşlığa görə təşəkkür edən XİN rəsmisinin bu çıxışı, Azərbaycanın BMT sistemində təkcə qərarları icra edən deyil, qlobal təşəbbüslərə yön verən əsas aktora çevrildiyini bir daha sübut edir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycanın BMT fəaliyyətinə verdiyi tarixi və strateji töhfələri ətraflı şərh edib:
"Azərbaycanın BMT-nin fəaliyyətindəki rolu, dünyada mövcud olan bu ən önəmli beynəlxalq təşkilata verdiyi töhfə və onun normal, funksional bir qurum kimi fəaliyyət göstərməsində ölkəmizin müvafiq təklifləri həmişə müstəsna yer tutub. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə keçmiş Ermənistan-Azərbaycan münaqışı ilə bağlı qəbul etdiyi dörd qətnamə illər ərzində kağız üzərində qalırdı və icra olunmurdu. Azərbaycan bu qətnamələri öz gücü və iradəsi ilə icra edərək BMT-nin bir növ zəifləmiş nüfuzunu bərpa etdi və ona ən böyük töhfəsini verdi. Təhlükəsizlik Şurası sülh və təhlükəsizlik sahəsində dünyada ən ümdə qurumdur və biz bu qətnamələri icra etməklə Cənubi Qafqazda sülh və təhlükəsizliyi tam təmin etdik".
Deputat Azərbaycanın BMT çərçivəsindəki tarixi diplomatik uğurlarını və həyata keçirilən qlobal layihələri diqqətə çatdırıb:
"BMT-nin təkcə təhlükəsizlik deyil, həm də dayanıqlı inkişaf, rəqəmsal yeniliklər, gənclər, qadınlar siyasəti, humanitar və iqtisadi fəaliyyət, şəhərsalma kimi proqramları var ki, Azərbaycan bu sahələrin hər birində aktivdir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan 2012–2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi ki, bu da milli diplomatiyamızın ən yüksək zirvələrindən biridir. Bundan əlavə, BMT çərçivəsində keçirilən COP29 tədbiri, eləcə də WUF13 kimi möhtəşəm platformalar vasitəsilə Azərbaycan öz şəhərsalma mədəniyyətini, xüsusən də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması modelini dünyaya bəyan etdi".
Tural Gəncəliyev Qoşulmama Hərəkatındakı tarixi sədrlikdən və BMT-dəki islahat təşəbbüslərindən bəhs edərək fikrini yekunlaşdırıb:
"Beynəlxalq təşəbbüslərimiz arasında BMT-dən sonra dünyada ikinci ən böyük qurum olan Qoşulmama Hərəkatına Azərbaycanın uğurlu sədrliyi xüsusi vurğulanmalıdır. Bu, ölkəmizin beynəlxalq təhlükəsizliyə və əməkdaşlığa verdiyi ən önəmli töhfələrdən biridir. Ümumiyyətlə, BMT qurumlarında fəal iştirakımız, seçkili orqanlarda namizədlərimizin dəstəklənməsi və ən güclü diplomatlarımızın orada təmsil olunması göstərir ki, ölkəmiz bu məsələyə xüsusi diqqət yetirir. Biz hər zaman BMT-də Ermənistanın işğalçılıq siyasəti ilə bağlı mühüm sənədlərin qəbuluna nail olmuşuq və BMT-dəki struktur islahatlarının da əsas təşəbbüskarlarından biriyik ki, bu da beynəlxalq mövqeyimizi daha da gücləndirir".
Zeynəb Həsən
18:30 22.10.2026
Oxunuş sayı: 62