Tesla uçan avtomobillərə görə məhkəmə iddiaları ilə üzləşə bilər
Tesla şirkətinin Roadster modelinin uçan avtomobil versiyasını seriyalı istehsala buraxması təhlükəsizliklə bağlı məhkəmə iddialarına və milyonlarla dollarlıq cərimələrə səbəb ola bilər.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə Florida Universitetinin Biznes Məktəbinin maliyyə kafedrasının müdiri, iqtisad elmləri doktoru Cey Ritterə istinadən məlumat yayıb.
Mütəxəssisin sözlərinə görə, uçan avtomobillərin təhlükəsizliyini təmin etmək olduqca çətin olacaq. O hesab edir ki, şirkətin məhkəmələrdə yüz milyonlarla dollar itirmək riski Tesla-nı təhlükəsizlik məsələlərinə daha ciddi yanaşmağa vadar edə bilər.
2025-ci ilin avqustunda Tesla 2019-cu ildə baş vermiş ölümcül yol-nəqliyyat hadisəsi ilə bağlı kompensasiya işini uduzub. Hadisə zamanı avtomobili avtopilot idarə edib. Məhkəmə şirkəti zərərçəkən tərəfə 243 milyon dollar, yəni təxminən 20 milyard rubl ödəməyə məcbur edib.
Ritter bildirib ki, təhlükəsizliklə bağlı ən kiçik şübhələr belə uçan avtomobillər üçün ciddi problemlər yarada bilər. Onun fikrincə, bu nəqliyyat vasitələrində demək olar ki, mütləq etibarlılıq səviyyəsinə nail olmaq asan olmayacaq.
Mütəxəssis əlavə edib ki, etibarlılıqla bağlı narahatlıqlar Tesla-nın robotaksi layihəsinin təqdimatını təxirə salmasına da təsir göstərib.
19:11 22.10.2026
Oxunuş sayı: 48