Hansı əlamətlər xərçəngdən xəbər verir? - həkimlə müsahibə
Süni intellektin səhiyyədə tətbiqi xəstəliklərin erkən aşkarlanması və risklərin əvvəlcədən qiymətləndirilməsi baxımından yeni imkanlar yaradır. Belə ki, yuxu zamanı ürəyin fəaliyyətini təhlil edən süni intellekt sistemlərinin insult və digər ürək-damar xəstəliklərinin uzunmüddətli risklərini müəyyənləşdirməyə kömək edə biləcəyi bildirilir. Bəs bu texnologiyanın imkanlarından onkoloji xəstəliklərin erkən aşkarlanmasında da istifadə etmək mümkündürmü? İnsan orqanizmində hansı əlamətlər ciddi xəstəliklərin xəbərçisi ola bilər və bu əlamətlərə etinasız yanaşmaq hansı nəticələrə gətirib çıxara bilər?
Mövzu ilə bağlı Fizioterapevt Fuad Mahmudov Crossmedia.az-a müsahibə verib:

-Süni intellekt xərçəng xəstəliklərini erkən aşkarlamaq və riskləri əvvəlcədən müəyyənləşdirmək üçün də istifadə oluna bilərmi?
-Süni intellekt məsələsi hələ insanların həyatına və tibb elminə tam şəkildə daxil olmayıb. Bu sahədə müəyyən imkanlar olsa da, süni intellektin verdiyi nəticələri mütləq həqiqət kimi qəbul etmək olmaz. Hazırda bu texnologiya daha çox köməkçi vasitə kimi qiymətləndirilməlidir. Xərçəng xəstəliklərinin əlamətləri isə uzun illərdir məlumdur. Əksər hallarda xəstəlik müəyyən müddət ərzində inkişaf edir və ilk əlamətlərini göstərir. Bəzən həmin əlamətlər o qədər zəif olur ki, insan onlara əhəmiyyət vermir. Halbuki insan öz orqanizminə diqqətlə yanaşmalı, normal vəziyyətindən fərqli dəyişiklikləri müşahidə etdikdə həkimə müraciət etməlidir. İnsanların çoxu kiçik narahatlıqları nəzərə almır və yalnız problem ciddi həddə çatdıqda müayinəyə gedir. Süni intellekt gələcəkdə bu prosesdə risklərin qiymətləndirilməsinə və həkimlərin qərar verməsinə kömək edə bilər. Lakin əsas məsələ xəstəliyin vaxtında aşkarlanması və tibbi müayinələrin gecikdirilməməsidir.
-Bəzi ürək-damar xəstəlikləri xəbərdarlıq əlaməti olmadan baş verə bilərmi? Hansı simptomlara diqqət yetirilməlidir?
-İnsanların gündəlik həyatlarını davam etdirməsi onların tam sağlam olduqları demək deyil. Bəzən insan özünü yaxşı hiss edir, işlərini görür, gəzir, ancaq orqanizmində müəyyən problemlər artıq mövcud olur. Sadəcə, həmin problemlərin əlamətlərinə diqqət yetirmir. Ürək-damar xəstəliklərində hərəkət zamanı təngnəfəslik, sinənin mərkəzində sıxılma və ya ağırlıq hissi, eləcə də ağrı kimi əlamətlər meydana çıxa bilər. Bəzi hallarda bu ağrılar mədə ağrısı ilə qarışdırılır. İnsan düşünür ki, nəsə yeyib, mədəsində problem yaranıb və buna uyğun dərman qəbul edir. Ağrı müvəqqəti azaldıqda isə narahatlıq üçün səbəb qalmadığını hesab edir. Ancaq ağrının azalması problemin aradan qalxdığını göstərmir. Xüsusilə sinədə sıxılma, nəfəs darlığı və fiziki hərəkət zamanı yaranan narahatlıq ürək-damar sistemindəki problemlərlə əlaqəli ola bilər. Bu əlamətləri özbaşına qiymətləndirmək və həkimə müraciəti gecikdirmək təhlükəlidir. Bununla belə, ürək-damar xəstəliklərinin bütün hallarda əvvəlcədən aydın əlamətlərlə özünü göstərdiyini demək olmaz. Bəzi hadisələr qəfil baş verə bilər. Sinədə yeni başlayan və ya güclü ağrı, nəfəs darlığı, soyuq tər və huşun itməsi kimi əlamətlər olduqda dərhal təcili tibbi yardım çağırılmalıdır.
-Onkoloji xəstəliklər zamanı hansı ilkin əlamətlərə diqqət yetirilməlidir? İnsanlar hansı dəyişiklikləri adi yorğunluq və ya müvəqqəti narahatlıq kimi qəbul etməməlidirlər?
-Onkoloji xəstəliklər adətən bir neçə gün ərzində yaranıb inkişaf etmir. Xəstəliyin növündən asılı olaraq, onun inkişafı uzun müddət davam edə bilər. Bəzən xəstəlik aşkar edilməzdən aylar, hətta daha uzun müddət əvvəl müəyyən dəyişikliklər meydana çıxır. Ümumi zəiflik, səbəbsiz yorğunluq, gündəlik işləri yerinə yetirərkən tez yorulmaq və izah olunmayan çəki itkisi diqqət tələb edən əlamətlərdir. İnsan əvvəlki kimi işləyə bilmir, tez-tez dincəlməyə ehtiyac duyur, arıqlamağa başlayır. Lakin bəzən bu dəyişiklikləri yaşla, yorğunluqla və ya başqa səbəblərlə əlaqələndirərək həkimə müraciət etmir. Bəzi hallarda süd vəzi nahiyəsində yeni yaranan bərkimə və ya şişkinlik, dəridə dəyişikliklər, sağalmayan yara, qoltuqaltı limfa düyünlərinin böyüməsi də araşdırılmalıdır. Belə əlamətlər mütləq xərçəng demək deyil, lakin səbəbi müəyyənləşdirmək üçün tibbi müayinə vacibdir. İnsanlar bəzən şişkinlik və ya bərkimə aşkar etdikdə həmin nahiyəni müxtəlif məhlullarla silir, əlamət müvəqqəti dəyişdikdə isə problemin aradan qalxdığını düşünürlər. Halbuki xarici dəyişikliklərin azalması xəstəliyin olmadığını sübut etmir. Əsas məsələ əlamətin səbəbini müəyyənləşdirməkdir. Xəstəliyin gec aşkarlanması onun müalicəsini çətinləşdirə bilər. Buna görə də insan şübhəli dəyişikliklər gördükdə qorxuya qapılmaq əvəzinə vaxtında həkimə müraciət etməlidir.
-Uzunmüddətli zəiflik, tərləmə və temperatur yüksəlməsini nəzərə almamaq və ya onkoloji xəstəlik qorxusu ilə müayinədən yayınmaq nə dərəcədə təhlükəlidir?
-İnsanlar bəzən xəstəlik ehtimalından qorxduqları üçün müayinəyə getmək istəmirlər. Daxillərində nəyinsə qaydasında olmadığını hiss etsələr də, diaqnozla qarşılaşmaqdan çəkinirlər. Bu, müəyyən mənada insanın özünü psixoloji cəhətdən qorumaq istəyidir. Ancaq qorxuya görə müayinədən yayınmaq problemi həll etmir. Məsələn, bəzi hallarda səbəbi aydın olmayan, təkrarlanan temperatur yüksəlməsi, gecə tərləmələri və ümumi zəiflik müşahidə edilə bilər. İnsan bunu adi soyuqdəymə ilə əlaqələndirir, müəyyən vasitələr qəbul edir və əlamətlər keçdikdə sağaldığını düşünür. Bir müddət sonra həmin əlamətlər yenidən yarana bilər. Əlbəttə, bu simptomların olması avtomatik olaraq onkoloji xəstəlik demək deyil. Onların infeksiyalar və digər sağlamlıq problemləri ilə də əlaqəsi ola bilər. Lakin əlamətlər davam edirsə, təkrarlanırsa və ya səbəbsiz çəki itkisi kimi başqa dəyişikliklərlə müşayiət olunursa, həkim müayinəsi vacibdir. Mən müalicədən əvvəl düzgün müayinənin əhəmiyyətini xüsusi vurğulamaq istəyirəm. İnsan vaxtında müayinədən keçməli, problemin olub-olmadığını dəqiqləşdirməlidir. Xəstəlik erkən mərhələdə aşkarlandıqda bir çox hallarda müalicə imkanları daha geniş olur. Bundan əlavə, insanı əhatə edən ətraf mühit, qidalanma və həyat tərzi də sağlamlıq baxımından əhəmiyyətlidir. Qidaların keyfiyyətinə, məhsulların tərkibinə və təhlükəsizliyinə diqqət yetirilməlidir. Bununla belə, konkret bir qidanın və ya ətraf mühit amilinin xəstəliyə səbəb olduğunu yalnız ümumi mülahizələrlə müəyyən etmək olmaz. Əsas tövsiyəm budur ki, insanlar sağlamlıqlarına laqeyd yanaşmasınlar, şübhəli əlamətləri özbaşına müalicə etməyə çalışmasınlar və vaxtında müayinədən keçsinlər. Xəstəlikdən qorxmaq əvəzinə onun olub-olmadığını vaxtında öyrənmək daha doğru yanaşmadır.
Nigar Xəlilli
18:45 22.10.2026
Oxunuş sayı: 57