Taleh Cəfərov: "Azıx mağarasını öz adlarına çıxarmaq istədilər, amma ALINMADI!"
Prezident İlham Əliyevin oktyabrın 21-də imzaladığı Sərəncamla Xocavənd rayonu ərazisində yerləşən dünyaməşhur Azıx və Tağlar mağara düşərgələrinin ərazisi "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu elan edilib. Azərbaycanın qədim insan məskənlərindən biri kimi bəşər tarixində tutduğu müstəsna yeri hüquqi və institusional müstəvidə möhkəmləndirən bu qərar, işğaldan azad edilmiş Qarabağ torpaqlarında tarixi-mədəni irsin bərpası və mühafizəsi istiqamətində atılan növbəti strateji addımdır. Keçmiş SSRİ məkanında birinci, dünyada isə ən qədim insan məskənlərindən dördüncüsü sayılan Azıx mağarasının, eləcə də Paleolit dövrünün zəngin mədəniyyət qatlarını özündə yaşadan Tağlar abidəsinin dövlət qoruğu elan olunması, həm erməni işğalı dövründə bu ərazilərdə həyata keçirilən qanunsuz arxeoloji qazıntılara və saxtakarlıqlara son nöqtəni qoyur, həm də işğaldan sonra Şuşa şəhərinin tarixi-memarlıq qoruğu kimi mühafizəsi siyasətinin məntiqi davamı kimi çıxış edir. Bu tarixi qərar qədim abidələrimizin mühafizəsini ən yüksək səviyyədə təmin etməklə yanaşı, regionun beynəlxalq elmi-arxeoloji tədqiqatlara və qlobal turist marşrutlarına inteqrasiyası üçün də tam yeni mərhələ açır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov dövlət başçısının bu qərarının tarixi-elmi əhəmiyyətini və arxeoloq alim Məhəmmədəli Hüseynovun misilsiz xidmətlərini ətraflı şərh edib:

"Əlbəttə, Azərbaycan ərazisi qədim insan məskənlərindən biri kimi dünyada tanınmışdır. Azərbaycanda ən qədim insan məskənləri arealında Qarabağ ərazisi xüsusilə fərqlənir. Qədimliyinə görə keçmiş SSRİ-də birinci, dünyada isə dördüncü yerdə qərarlaşan Azıx mağarasının tədqiqi, təbliğ olunması və ərazinin mühafizəsi baxımından cənab Prezidentin bugünkü qərarı olduqca əlamətdardır".
Tarixçi alim Azıx mağarasını dünya elminə bəxş edən mərhum professor Məhəmmədəli Hüseynovun prinsipliliyini və erməni saxtakarlığına qarşı göstərdiyi cəsarəti xüsusi vurğulayıb:
"Abidəni aşkarlayan və onu dünyaya təbliğ edən mərhum arxeoloq alimimiz, professor Məhəmmədəli Hüseynovun xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Vaxtilə ermənilərin Azıx mağarasını mənimsəmək və öz adlarına çıxarmaq üçün ona təklif etdikləri saxta 'Azox' adından imtina etməsi də onun tarixi xidmətlərinə yazılacaq başlıca amillərdəndir".
Taleh Cəfərov Qarabağda dövlət səviyyəsində həyata keçirilən qoruq siyasətinin turizm perspektivlərinə diqqət çəkərək fikrini yekunlaşdırıb:
"Qarabağın işğaldan azad olunmasından sonra Şuşa şəhərinin memarlıq abidəsi-qoruğu kimi qorunması məqsədilə atılan addımların davamı olaraq, bu gün Azıx və Tağlar abidələrinin qoruq elan edilməsi həmin böyük işin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Ümid edirik ki, bu tarixi qərardan sonra sözügedən abidələr respublikamızın və Qarabağın əsas turist marşrutlarına daxil ediləcək, dünya səyahətçilərinin və elmi ictimaiyyətinin diqqət mərkəzində olacaqdır".
Zeynəb Həsən
17:45 22.10.2026
Oxunuş sayı: 69