İsrail əsgərlərindən etiraf: Qəzzada mülki şəxslərin öldürülməsinə şərait yaradılıb
İsrail ordusunun dörd hərbçisi Qəzza zolağında hərbi əməliyyatlar zamanı mülki şəxslərin hədəfə alınması və öldürülməsi ilə bağlı açıqlamalar verib. Hərbçilər hücumlarda insanların “əlavə itki” kimi qiymətləndirilməsinə imkan verən qaydaların yumşaldıldığını bildiriblər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Haaretz” qəzeti məlumat yayıb.
Adlarının açıqlanmasını istəməyən dörd hərbçi ABŞ-nin dəstəyi ilə Qəzza zolağında aparılan hərbi əməliyyatlar zamanı mülki şəxslərin necə hədəfə alındığını danışıblar.
Onların açıqlamaları İsrailin Baş naziri Benyamin Netanyahunun və ordu rəsmilərinin hücumlardan əvvəl mülki əhaliyə təxliyə xəbərdarlıqları edildiyi barədə bəyanatları ilə ziddiyyət təşkil edir.
Qəzza zolağında HƏMAS rəhbərlərini izləmək vəzifəsini daşıyan kəşfiyyat hərbçisi A. bildirib ki, 2023-cü ilin oktyabrında HƏMAS üzvlərinin və fəallarının yerini müəyyənləşdirmək üçün işə demək olar ki, sıfırdan başlayıblar.
Onun sözlərinə görə, HƏMAS üzvlərinin “terrorçu” kimi təsnifləşdirilməsi meyarları qısa müddətdə genişləndirilib. Həmçinin mütənasiblik prinsipinə və ağır silahlardan istifadəyə yanaşma sərtləşdirilib, döyüşlərdə iştirak etməyən mülki şəxslərin “əlavə itki” kimi qiymətləndirilməsinə və onların ölümünə yol açan qaydalar xeyli yumşaldılıb.
23:34 12.10.2026
Oxunuş sayı: 87