Trampla qarşıdurmada olan konqresmen istintaqın hədəfində
ABŞ-da Demokratlar Partiyasından olan Konqres üzvü İlhan Omarın Vaşinqtondakı evində federal hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış aparılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Məlumata görə, əməliyyat oktyabrın 12-də yerli vaxtla səhər saat 06:00 radələrində məhkəmənin verdiyi axtarış qərarı əsasında həyata keçirilib. Axtarış Somali əsilli konqresmenin uşaqlıq illərində ABŞ-a köçməsi zamanı rəsmiləşdirilən miqrasiya sənədləri ilə bağlı aparılan cinayət araşdırması çərçivəsində baş tutub.
ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi “Fox News”a açıqlamasında bildirib ki, Daxili Təhlükəsizlik Nazirliyinin İstintaq Xidməti (HSI) məhkəmə tərəfindən təsdiqlənmiş axtarış qərarını icra edib.
Qeyd olunub ki, əməliyyat davam edən federal cinayət istintaqının tərkib hissəsidir. Araşdırmaya HSI rəhbərlik edir, Ədliyyə Nazirliyi isə prosesdə iştirak edir.
İlhan Omar və onun Konqresdəki ofisi axtarışdan dərhal sonra rəsmi açıqlama verməyib.
Xatırladaq ki, ABŞ administrasiyasının sərhəd təhlükəsizliyi məsələləri üzrə rəsmisi Tom Homan sentyabr ayında İlhan Omarla bağlı cinayət araşdırmasının aparıldığını açıqlamışdı.
Hadisə ABŞ Prezidenti Donald Tramp ilə İlhan Omar arasında siyasi fikir ayrılıqlarının davam etdiyi dövrə təsadüf edir. Tərəflər arasında xüsusilə Minnesota ştatında immiqrasiya nəzarətinin gücləndirilməsi və Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) fəaliyyəti ilə bağlı gərginlik yaşanır.
Tramp Minnesota ştatındakı Somali icması ilə əlaqəli bəzi dələduzluq ittihamlarını dəfələrlə gündəmə gətirib və Omarın miqrasiya keçmişini tənqid edib. Konqresmen isə əvvəllər ona qarşı irəli sürülən miqrasiya saxtakarlığı ittihamlarını rədd edib.
Qeyd edək ki, Somali əsilli İlhan Omar ailəsi ilə birlikdə 1995-ci ildə sığınacaq alaraq ABŞ-a köçüb. O, 2018-ci ildə ABŞ Konqresinin Nümayəndələr Palatasına seçilib.
Hazırda araşdırma davam edir. Axtarışın keçirilməsi konqresmenin təqsirinin sübuta yetirilməsi demək deyil.
01:27 13.10.2026
Oxunuş sayı: 68