Paşinyan sülhdən danışır, Bakı isə konkret addım gözləyir – İrəvanın qarşısında hansı şərtlər var?
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Azərbaycanla Ermənistan arasında sülhün artıq reallıq olduğunu bəyan edib. Paşinyan Azərbaycanla paraflanmış sülh sazişindən sitat gətirərək bildirib ki, tərəflər bir-birinə qarşı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar irəli sürməyəcəklərini təsdiqləyirlər. Eyni zamanda, digər tərəfin ərazi bütövlüyünün və ya siyasi birliyinin pozulmasına yönəlmiş hər hansı hərəkətə, o cümlədən belə hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, təşviqinə və ya dəstəklənməsinə yol verilməyəcəyi vurğulanıb. Baş nazir “Hörmətli dövlət başçıları, Ermənistanla Azərbaycan arasında sülh artıq reallıqdır” deyə qeyd edib.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və davamlı sülhün təmin olunması istiqamətində əsas müzakirə mövzuları tərəflərin öhdəlikləri, qarşılıqlı etimadın yaradılması və regional təhlükəsizliyin möhkəmləndirilməsidir. 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişinin mətnini paraflayıblar. Sənəddə tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsi, qarşılıqlı ərazi iddialarından imtina etməsi və güc tətbiqindən çəkinməsi nəzərdə tutulur. Bununla belə, sazişin paraflanması onun imzalanması və ratifikasiyası prosesinin başa çatması demək deyil. Sülh prosesində Ermənistanın daxili qanunvericiliyi, kommunikasiyaların açılması, regional əməkdaşlıq və tərəflərin bəyanatlarının konkret addımlarla möhkəmləndirilməsi də müzakirə olunan məsələlər sırasındadır. Bu baxımdan, Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaların icrası və uzunmüddətli sabitliyin təmin olunması xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Crossmedia.az-a açıqlamasında bildirib ki, Ermənistanın siyasi rəhbərliyinin danışıqlar yolu ilə problemləri həll etməyə çalışması kifayət deyil, tərəflər üzərlərinə götürdükləri öhdəlikləri də yerinə yetirməlidirlər:

“Ermənistanın siyasi rəhbərliyini, xüsusilə Nikol Paşinyan və onun kabinetinin üzvlərini nəzərə alsaq, onlar əsasən danışıqlar yolu ilə mövcud problemləri həll etməyə çalışırlar. Lakin bu səylər kifayət deyil. Hazırkı şərait iki dövlətin müharibədən sonrakı dövrdə uzlaşdırılmış şəkildə fəaliyyət göstərməsini tələb edir.
Xüsusilə 8 avqust 2025-ci ildə sülh sazişi layihəsinin paraflanmasından sonra tərəflərin üzərinə müəyyən öhdəliklər düşür. Bu sənəd gələcək münasibətlərin formalaşması üçün bir növ yol xəritəsidir. Prezident İlham Əliyevin Ermənistan rəhbərliyini üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çağırması da bununla bağlıdır. Azərbaycanın əsas tələblərindən biri Ermənistanın qanunvericiliyində, xüsusilə Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Çünki Azərbaycan yalnız mövcud hökumətlə deyil, Ermənistan dövləti ilə uzunmüddətli sülh sazişi imzalamaq istəyir. Məqsəd gələcəkdə sülhün davamlılığını təmin etmək, təhlükəsizlik məsələlərini birgə həll etmək, qarşılıqlı təhdidlərin qarşısını almaq və iki xalq arasında etimad mühiti yaratmaqdır. Bu prosesdə Azərbaycanın müəyyən üstün mövqeyə malik olduğunu düşünürəm. Azərbaycan Ermənistanla iqtisadi və nəqliyyat əlaqələrinin qurulması istiqamətində addımlar atır, o cümlədən yanacaq tədarükü həyata keçirir və Ermənistan nümayəndələrini müxtəlif tədbirlərdə iştiraka dəvət edir. Ermənistan tərəfi də sülhlə bağlı müsbət bəyanatlar səsləndirir. Lakin praktiki addımların bəyanatlarla uyğunlaşması vacibdir. Əks halda, çoxsaylı açıqlamalar real irəliləyişin məhdudluğunu arxa plana keçirə bilər. Müharibədən sonra xalqlar, adətən, qarşıdurmanın nəticələrini aradan qaldırmağa və münasibətləri normallaşdırmağa çalışırlar. Azərbaycan ərazilərində baş vermiş dağıntılar və müharibənin ağır nəticələri bu prosesin nə qədər vacib olduğunu göstərir. Buna baxmayaraq, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün imkanlar yaradır. Prezident İlham Əliyevin nümayiş etdirdiyi yanaşma da Ermənistan tərəfinin bu imkanları düzgün qiymətləndirməsinə hesablanıb. Bu addımlar zəiflik kimi qəbul edilməməlidir”.
Politoloq qeyd edib ki, Azərbaycanın səbrinin də həddi var. Ermənistan həqiqətən sülh tərəfdarıdırsa, bunu yalnız bəyanatlarla deyil, konkret addımlarla göstərməlidir:
“Sülh quruculuğu təkcə Azərbaycanın deyil, Ermənistanın və bütövlükdə region ölkələrinin məsuliyyətidir. Gürcüstan, Türkiyə, İran və Rusiya da regional sabitliyin təmin olunmasında maraqlıdırlar. Prezident İlham Əliyevin irəli sürdüyü “3+3” formatı da regional problemlərin birgə həlli və təhlükəsizlik mühitinin möhkəmləndirilməsi məqsədi daşıyır. Region ölkələri mövcud riskləri birgə qiymətləndirməli, onların qarşısını almaq üçün əməkdaşlıq etməli və uzunmüddətli sabitliyin əsaslarını formalaşdırmalıdırlar. Ermənistanın siyasi rəhbərliyi və cəmiyyəti beynəlxalq öhdəliklərini, eləcə də qonşu dövlətlərlə münasibətlərdə üzərinə düşən məsuliyyəti nəzərə almalıdır. Gərginliyi artıran addımlar regionda yeni qarşıdurma risklərini yüksəldə və Ermənistanın beynəlxalq təcridini dərinləşdirə bilər. Buna görə də Ermənistan Azərbaycanın mövqeyini və irəli sürdüyü tələbləri nəzərə almalı, sülh prosesində daha fəal iştirak etməlidir. Azərbaycan tərəfinin mövqeyinə görə, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəalar aradan qaldırılmalıdır. Bu məsələnin həlli sülh sazişinin imzalanması baxımından əsas şərtlərdən biri hesab olunur. Əks halda, qarşılıqlı etimadın formalaşması və davamlı sülhün təmin edilməsi çətinləşəcək. Azərbaycan isə regionda yeni eskalasiyanın qarşısını almaqda və sabitliyi qorumaqda maraqlıdır. Azərbaycan 2020-ci ildəki müharibədən sonra və 2023-cü il sentyabrın 20-də başa çatan hərbi əməliyyatlar nəticəsində ərazi bütövlüyünün bərpasını təmin etdiyini bildirir. Rəsmi Bakının mövqeyinə görə, bu addımlar ölkənin suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasına yönəlib. Hazırda əsas prioritet azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini davam etdirmək, təhlükəsizliyi möhkəmləndirmək və davamlı sülh üçün şərait yaratmaqdır. Ermənistan da bu prosesdən nəticə çıxarmalı, bəyanatlarını konkret addımlarla möhkəmləndirməli və regionda uzunmüddətli sülhün təmin olunmasına töhfə verməlidir”.
Nuray Mehtiyeva
20:00 09.10.2026
Oxunuş sayı: 70