Dünya siyasətində ŞOK MƏNZƏRƏ: Şimal Rusiyaya əsgər, Cənub isə yanacaq verir
Ukraynada davam edən müharibə yalnız döyüş meydanında deyil, beynəlxalq münasibətlər və ticarət əlaqələri müstəvisində də gözlənilməz mənzərələr ortaya çıxarır. Bu dəfə diqqət mərkəzində Koreya yarımadasının bir-birinə qarşı sərt mövqeyi ilə seçilən iki ölkəsi – Şimali və Cənubi Koreya dayanır.
Şimali Koreyanın Rusiyaya hərbi dəstək çərçivəsində hərbçilər göndərməsi artıq uzun müddətdir beynəlxalq gündəmin əsas mövzularından biridir. Lakin ortaya çıxan yeni məlumatlar Cənubi Koreyanın da müharibə fonunda Rusiya ilə müəyyən enerji əlaqələrini davam etdirdiyini göstərir. Belə ki, Cənubi Koreyadan Rusiya limanlarına 176 min tondan artıq yanacağın daşındığı üzə çıxıb. Bu məlumat Koreya yarımadasının iki rəqibinin Ukrayna müharibəsi kontekstində tamamilə fərqli istiqamətlərdən olsa da, eyni ölkə – Rusiya ilə bağlı gündəmə gəlməsi baxımından diqqət çəkir. Məsələ həm Cənubi Koreyanın Rusiya ilə enerji ticarətinin miqyası, həm də bu daşımaların hansı şəraitdə həyata keçirilməsi ilə bağlı suallar doğurur.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Crossmedia.az-a açıqlamasında bildirib ki, hazırda geosiyasi aləm qaynar vəziyyətdədir və keçmişdən qalan bütün tarixi ziddiyyətlər, hesablaşmalar yeni şəraitdə yenidən gündəmə gətirilir:
“Böyük dövlətlər rəqiblərini zəiflətmək və özləri üçün daha əlverişli mövqelər qazanmaq adına xüsusi strategiya və taktikalar həyata keçirirlər. Lakin müharibələrin gətirdiyi dəhşətlər, insan tələfatı və dağıntılar fonunda sağlam məntiqin çatışmazlığı aydın şəkildə gözə çarpır. Müharibədən çıxmış bir ölkə kimi Azərbaycan bu ağrıları yaxşı bilir və sülhün vacibliyini anlayır”.
Ekspert Şimali Koreya – Rusiya – Çin – İran oxunda dərinləşən hərbi-siyasi əməkdaşlığa da diqqət çəkib: “Şimali Koreyanın Rusiya ilə strateji tərəfdaşlığı artıq sirr deyil. Moskva və Pxenyan arasında genişmiqyaslı ticarət, idxal-ixrac və hərbi sahədə qarşılıqlı dəstək mövcuddur. Şimali Koreya imperializmə qarşı ön xətdə durmağa hazır olduğunu nümayiş etdirir. Hətta İrana nüvə texnologiyaları sahəsində dəstək təklifləri belə gündəmə gəlir ki, bu da beynəlxalq təhlükəsizlik üçün zarafat sayıla bilməyəcək dərəcədə ciddi siqnaldır”.
T.Abbasov Qərb dövlətlərinin, xüsusən də ABŞ və Avropanın yürütdüyü ikili standartlar siyasətini kəskin tənqid edib: “Ukrayna ərazisi faktiki olaraq Rusiya ilə Qərbin toqquşma meydanına çevrilib. Avropa ölkələri, o cümlədən Almaniya və Fransa bu müharibədən öz hərbi-texnoloji imkanlarını sınaqdan keçirmək və yeni silahlar tətbiq etmək üçün istifadə edirlər. ABŞ-ın təhlükəsizlik çətirinin zəifləməsi fonunda Avropa öz ordusunu yaratmağa çalışır. Digər tərəfdən, ABŞ rəhbərliyi İrana qarşı sərt tələblər irəli sürdüyü halda, Şimali Koreyanın nüvə potesialına göz yumur və onunla dialoq axtarır”.
Sonda politoloq Qərbin bu yanaşmasının yeni olmadığını, oxşar riyakarlığın vaxtilə Azərbaycana qarşı da nümayiş etdirildiyini vurğulayıb:
“Ermənistan işğalçı dövlət kimi torpaqlarımızı zəbt etdiyi halda Qərb ona dəstək verirdi və Azərbaycanın haqlı səsini eşitmək istəmirdi. Lakin biz öz gücümüzlə səsimizi ucaltdıq və reallığı qəbul etdirdik. Hazırda NATO və digər köhnə təhlükəsizlik bloklarının zəifləməsi göstərir ki, mövcud beynəlxalq sistem artıq duruş gətirə bilmir və dünyada daimi heç nə yoxdur”.
Fatimə Cabbarlı
17:30 07.10.2026
Oxunuş sayı: 123