Nikah müayinəsində şok sual: Gələcək həyat yoldaşının xəstəliyini bilməyə haqqımız yoxdur?
Nikahdan əvvəl tibbi müayinələr zamanı tərəflər sağlamlıq vəziyyətləri ilə bağlı nəticələr barədə ayrı-ayrılıqda məlumatlandırılır və şəxsin razılığı olmadan onun tibbi məlumatlarının digər tərəfə açıqlanması məxfilik prinsipləri baxımından yolverilməzdir. Bununla yanaşı, nikaha hazırlaşan şəxslərin müayinədən keçməsinin əsas məqsədlərindən biri gələcəkdə ailə həyatına və övladların sağlamlığına təsir göstərə biləcək müəyyən xəstəlik və risklərin əvvəlcədən müəyyənləşdirilməsidir.
Bu müayinələr zamanı bəzi infeksion xəstəliklərin, eləcə də irsi və genetik xəstəliklərlə bağlı risklərin aşkarlanması mümkün olur. Xüsusilə talassemiya kimi qan xəstəliklərinin vaxtında müəyyənləşdirilməsi gələcəkdə övladın sağlamlığı ilə bağlı yarana biləcək risklərin əvvəlcədən qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Bəs nikahdan əvvəl müayinələr zamanı hansı xəstəliklərin aşkarlanması daha vacibdir və bu məlumatlar gələcək ailənin sağlamlığı baxımından hansı əhəmiyyət daşıyır?
Mövzu ilə bağlı həkim, terapevt Etibar Süleymanov Crossmedia.az-a açıqlamasında bildirib ki, nikahdan əvvəl müayinələrin əsas məqsədlərindən biri insanın özündə heç bir əlamət yaratmadan gedə bilən infeksiyalar və genetik xəstəliklərlə bağlı riskləri vaxtında müəyyən etməkdir:

“Gizli gedə bilən infeksiyalar var və onların mövcudluğu barədə məlumatın əvvəlcədən bilinməsi vacibdir. Çünki insan bəzi hallarda özündə hər hansı xəstəliyin olduğunu hiss etməyə bilər. Lakin həmin infeksiyalar sonradan həm ailə həyatında, həm də gələcək hamiləlik dövründə müəyyən fəsadlara səbəb ola bilər. Eyni zamanda, bu xəstəliklərin bir qismi yoluxucu xarakter daşıdığı üçün onların vaxtında aşkarlanması həm şəxsin öz sağlamlığı, həm də həyat yoldaşının sağlamlığının qorunması baxımından əhəmiyyətlidir.
Nikahdan əvvəl müayinələrin digər mühüm istiqaməti isə talassemiya və bəzi genetik xəstəliklərin müəyyənləşdirilməsidir. Xüsusilə qohum evliliklərində və ya ailədə müəyyən irsi xəstəliklərin olması zamanı genetik risklərin əvvəlcədən öyrənilməsi vacibdir. Çünki bəzi xəstəliklər nəsildən-nəslə keçə və gələcəkdə uşağın sağlamlığı ilə bağlı ciddi problemlər yarada bilər.
Bu baxımdan, əsas məqsəd yalnız hazırda şəxsdə hər hansı xəstəliyin olub-olmamasını müəyyən etmək deyil. Əsas məsələ gələcəkdə yarana biləcək riskləri əvvəlcədən bilmək, mümkün fəsadların qarşısını almaq və ailə qurmağa hazırlaşan şəxslərə sağlamlıqları barədə düzgün məlumat verməkdir.
Xüsusilə talassemiya kimi xəstəliklərdə valideynlərin daşıyıcı olub-olmamasının əvvəlcədən müəyyənləşdirilməsi gələcək övlad üçün risklərin qiymətləndirilməsinə imkan verir. Bu məlumatın vaxtında əldə edilməsi həm uşağın gələcəkdə ciddi sağlamlıq problemləri ilə üzləşməsinin qarşısının alınmasına, həm də valideynlərin sonradan uzunmüddətli müalicə və qayğı yükü ilə üzləşməməsinə kömək edə bilər.
Ona görə də nikahdan əvvəl müayinələrə formal prosedur kimi yanaşmaq düzgün deyil. Bu müayinələr insanların öz sağlamlıq vəziyyətləri və gələcəkdə ailə qurarkən nəzərə alınmalı risklər barədə məlumatlı olması üçün mühüm vasitədir. Əsas problemlər də məhz gizli infeksiyaların, talassemiya və digər irsi xəstəliklərin vaxtında aşkarlanması ilə bağlıdır”.
Zeynəb Həsən
18:00 06.10.2026
Oxunuş sayı: 57