ABŞ-də 81 ildən sonra ilk edam Məhkum güllələnəcək
ABŞ Prezidenti Donald Trump 2009-cu ildə Fort Hud hərbi bazasında 13 nəfəri öldürən və 32 nəfəri yaralayan keçmiş mayor Nidal Hasanın güllələnərək edam olunmasını təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, qərar ABŞ müdafiə naziri Pete Hegsethin tövsiyəsi əsasında qəbul edilib. Pentaqonun sözçüsü Sean Parnell bildirib ki, edamın vaxtını və yerini ABŞ Ordusunun katibi müəyyənləşdirəcək.
Nidal Hasan 5 noyabr 2009-cu ildə Texas ştatındakı Fort Hud hərbi bazasının tibb mərkəzində atəş açıb. Hadisə nəticəsində 13 nəfər ölüb, 32 nəfər yaralanıb.
Hasan 2013-cü ildə hərbi məhkəmə tərəfindən 13 nəfərin qəsdən öldürülməsi və 32 nəfərin qəsdən öldürülməsinə cəhd üzrə təqsirli bilinib və ölüm cəzasına məhkum edilib.
Hasanın güllələnərək edam edilməsi ABŞ ordusunda 1961-ci ildən bəri ilk edam ola bilər. ABŞ ordusunda sonuncu edam həmin il əsgər John Bennettin asılması ilə həyata keçirilib.
Güllələnmə üsulu ilə ABŞ ordusunda sonuncu edam isə İkinci Dünya müharibəsi dövründə, 1945-ci ildə əsgər Eddie Slovikin güllələnməsi olub.
Bununla belə, Hasanın edamının tarixi hələ açıqlanmayıb. O, federal məhkəmələrdə hüquqi mübarizəni davam etdirə bilər və bu proses edamın icrasını təxirə sala bilər.
12:19 06.10.2026
Oxunuş sayı: 61