Latviyada 27 Sentyabr - Anım Günü qeyd olunub
Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr – Anım Gününün altıncı ildönümünə həsr edilmiş xüsusi tədbir təşkil olunub.
Səfirlikdən Crossmedia.az-a verilən məlumata görə, mərasimi giriş sözü ilə Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva açıb.
Səfir qeyd edib ki, altı il əvvəl, sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təxribatına qarşı əks-hücum əməliyyatına start verib və bu hadisə 44 gün davam edən Vətən müharibəsinin başlanğıc nöqtəsi olub. N.Mustafayeva Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən hər il sentyabrın 27-nin Anım Günü olaraq qeyd edildiyini nəzərə çatdırıb.
Səfir torpaqların erməni işğalından xilas edilməsi uğrunda fədakarlıq nümayiş etdirmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayacağını söyləyib.
N.Mustafayeva vurğulayıb ki, vətəndən kənarda həyat sürən azərbaycanlılar dövlətin həqiqətlərini yaşatmalı, milli yaddaşı mühafizə etməli və gələcək nəsillərə çatdırmalıdırlar. O, eyni zamanda şəhidlərin miras qoyduğu vətən məhəbbətini və birlik ruhunu hər zaman yüksək tutmağın əhəmiyyətini xüsusi olaraq vurğulayıb.
Liepaya Musiqi, İncəsənət və Dizayn Orta Məktəbinin caz şöbəsinin rəhbəri, məşhur akkordeon ifaçısı Rüstəm Bağırov, ifaçı Leyla Əliyeva və latviyalı musiqiçilər Azərbaycan xalq mahnıları və bəstəkar əsərlərindən ibarət musiqi proqramı ilə çıxış ediblər.
Tədbir çərçivəsində səfirlikdə Vətən müharibəsini əks etdirən fotoşəkillərdən ibarət sərgi də nümayiş olunub.
Mərasimdə Latviyada yaşayan Azərbaycan diasporunun nümayəndələri, həmçinin bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
15:21 26.09.2026
Oxunuş sayı: 47