İrandan sərt xəbərdarlıq: Yaxın Şərqdə hava əlaqəsi dayandırıla bilər
İran ABŞ-ın sanksiyaları səbəbindən iranlı aviaşirkətlər üçün tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmaması halında Yaxın Şərqdə hava əlaqəsinin məhdudlaşdırıla biləcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın Ali Liderinin müşaviri Məhəmməd Möxbər “NDTV”yə istinadən məlumat yayıb.
Məhəmməd Möxbər bildirib ki, Tehran iranlı aviaşirkətlər üçün ABŞ sanksiyaları ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərlə barışmaq niyyətində deyil. O, “X” sosial şəbəkəsində paylaşımında qeyd edib ki, regionda uçuşlar ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün.
Onun sözlərinə görə, İranın uçuş imkanları və hava limanı xidmətlərinə çıxışı məhdudlaşdırılarsa, regiondakı heç bir ölkəyə bu imkan verilməməlidir.
Yaxın Şərqdə hava məkanının genişmiqyaslı bağlanmasının minlərlə reysin ləğvinə və ya təxirə salınmasına, aviabilet qiymətlərinin artmasına, həmçinin Avropadan Asiyaya uçuş müddətinin uzanmasına səbəb ola biləcəyi bildirilir.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən İraq və Birləşmiş Ərəb Əmirliklərindəki hava limanları İran aviaşirkətlərinin reyslərinə xidmət göstərilməsini dayandırıb.
13:35 26.09.2026
Oxunuş sayı: 38