COVID-19-dan da betəri gəlir? - Pandemiya qapıda
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus yeni respirator patogenin ortaya çıxmasının COVID-19 pandemiyasına bənzər nəticələrə səbəb ola biləcəyini bildirib. O, növbəti pandemiyanın baş verib-verməyəcəyindən deyil, bunun nə zaman baş verəcəyindən danışmağın daha doğru olduğunu vurğulayıb. ÜST rəhbərinin açıqlaması pandemiyalara hazırlıq və erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi məsələsini yenidən gündəmə gətirib. Təşkilat gələcək respirator patogenlərə qarşı hazırlığın artırılması üçün qlobal səviyyədə tədbirlərin davam etdirilməsinin vacibliyini bildirir.
Crossmedia.az-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, dosent Fərid Museyibov pandemiyaların qarşısının alınmasında vaxtında və düzgün peyvəndlənmənin mühüm rol oynadığını bildirib: “Ümumiyyətlə, pandemiyalar hər zaman alovlanıb. Daha çox orta əsrlərdə, ondan əvvəlki əsrlərdə baş verirdi. Biz bilirik ki, bu pandemiyaların qarşısının alınmasının ən yaxşı yollarından biri peyvənd olunmaqdır. Əgər vaxtında peyvənd olunarsa, təbii ki, virusların və digər xəstəliklərin qarşısını almaq mümkündür. Pandemiyalardan qorunmaq üçün əhali sayının artması, havanın çirklənməsinin çoxalması və son zamanlar qidalanmada süni qidalardan geniş istifadə olunması da nəzərə alınmalıdır. Bu amillər insan orqanizminin immunitetinin aşağı düşməsinə gətirib çıxara bilər”.
Fərid Museyibov zərərli məhsullardan istifadənin də insan sağlamlığına təsir etdiyini vurğulayıb: “Siqaret, tütün məhsulları, elektron siqaretlər və digər zərərli içkilər də buna aiddir. Bunların ağciyər toxumasına zərər verdiyini bilirik. Həm onkoloji xəstəliklərin meydana gəlməsinə, həm də COVID-19 kimi respirator xəstəliklərin yayılmasına təsir edən amillərdən biri də budur”.
Onun sözlərinə görə, dünyada baş verən müharibələr də ətraf mühitə təsir göstərən amillər sırasında yer alır: “Müharibələr də atmosferi çirkləndirdiyinə görə, respirator virusların və qrip infeksiyalarının sayının günü-gündən artmasına təsir göstərə bilər. Bir şeyi də qeyd etmək istəyirəm ki, ümumiyyətlə, respirator xəstəliklər, məsələn, qrip xəstəliyi hər il dünyada milyonlarla insanın ölümünə səbəb olur. Amma insanlar respirator viruslara, əsasən də qripə çox vaxt adi xəstəlik kimi yanaşırlar. Halbuki bu, ağır nəticələrə gətirib çıxara bilən əsas amillərdən biridir”.
Fərid Museyibov pandemiyalardan və respirator xəstəliklərdən qorunmaq üçün peyvəndlənmənin vacibliyini diqqətə çatdırıb: “Ona görə də məsləhət olunur ki, istər uşaqlıq dövründə, istərsə də böyüklər arasında mütləq şəkildə vaxtında və düzgün peyvəndlər olunsun. Bu, gələcəkdə pandemiyaların qarşısının alınmasına və onların yaranmasına səbəb olan amillərin təsirinin azaldılmasına yönəlmiş əsas üsullardan biridir”.
Nigar Xəlilli
16:00 26.09.2026
Oxunuş sayı: 56