Şəhid Coşkun Sevim Elazığda son mənzilə yola salındı
Zeytun Budağı Hərəkatı bölgəsində keçirdiyi xəstəlik nəticəsində şəhid olan Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu, baş çavuş Coşkun Sevim Elazığda keçirilən mərasimlə dəfn olunub.
Crossmedia.az xəbər verir ki, şəhidin vida mərasimi İmam-ı Azam məscidində keçirilib. Mərasimdə şəhidin Türk bayrağına bükülmüş nəşi katafalka qoyulub, ailəsi və yaxınları böyük kədər yaşayıb.
Cümə namazından sonra İl Müftüsü Yusuf Bingöl tərəfindən şəhid üçün cənazə namazı qılınıb və dualar edilib.
Daha sonra şəhid Coşkun Sevimin tabutu hərbçilərin müşayiəti ilə top arabasına yerləşdirilərək kortej şəklində aparılıb. Şəhidin nəşi Elazığ Garnizon Şəhidliyinə gətirilərək torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, Türkiyənin dövlət və hərbi nümayəndələri, yerli rəhbərlər, siyasi partiya təmsilçiləri və çoxsaylı vətəndaşlar iştirak edib.
Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi Coşkun Sevimin Zeytun Budağı Hərəkatı bölgəsində keçirdiyi səhhət problemi səbəbindən xəstəxanaya aparıldığını və burada şəhid olduğunu açıqlamışdı.
17:10 25.09.2026
Oxunuş sayı: 103