Dehlidə bina çökdü: tələbələr dağıntılar altında qalıb
Hindistanın paytaxtı Dehlidə altı mərtəbəli binanın çökməsi nəticəsində bir nəfər ölüb, iki nəfər ağır vəziyyətdədir. Dağıntılar altında qalan tələbələrin telefonla yaxınları ilə əlaqə saxladığı bildirilir.
Crossmedia.az xəbər verir ki, NDTV-nin məlumatına görə, Cənub-Qərbi Dehli dairəsinin deputatı Anil Şarma hadisə yerində açıqlamasında binanın universitet tələbələri üçün yataqxana tipli yaşayış yeri olduğunu bildirib.
Onun sözlərinə görə, dağıntılar altında neçə nəfərin qaldığını dəqiq müəyyənləşdirmək mümkün deyil. Şarma bəzi tələbələrin xilas edildiyini, digərlərinin isə dağıntılar altından telefonla zəng etdiyini deyib.
Hadisə bu gün saat 13:34 radələrində Dehli Universitetinin Cənub Kampusu yaxınlığındakı Satya Niketan ərazisində baş verib.
Polisin məlumatına görə, “Hostel Daze” adlı binanın zirzəmisində tikinti işləri aparılırmış. Əraziyə ən azı 12 yanğınsöndürən maşın, polis, tibbi yardım əməkdaşları və Milli Fəlakətə Müdaxilə Qüvvələrinin əməkdaşları cəlb olunub. Xilasetmə işləri davam edir.
18:03 06.09.2026
Oxunuş sayı: 60