Adidas İsrail əsgərini reklam siması seçib – etirazlar artır
İdman məhsulları istehsalçısı Adidas-ın Qəzzaya qarşı əməliyyatlarda iştirak etmiş və İsrail ordusunda xidmət zamanı ayağını itirmiş hərbçini reklam siması seçməsi etirazlara səbəb olub.
Crossmedia.az Anadolu Agentliyinə istinadən məlumat verir ki, 2021-ci ildə Qəzzaya qarşı hücumlarda iştirak etdiyi bildirilən Şalev Biton Adidas-ın “Single Shoe Service” (“Tək ayaqqabı xidməti”) kampaniyasının reklamında yer alıb.
Bu qərar sosial şəbəkələrdə və müxtəlif ictimai çevrələrdə boykot çağırışlarının artmasına səbəb olub. ABŞ-li sosial media fenomeni Qay Kristensen Adidas-a qarşı boykot çağırışı edərək Qəzzada minlərlə fələstinlinin əzalarını itirdiyini vurğulayıb.
Fələstin üçün Boykot, Təcrid və Sanksiyalar (BDS) hərəkatının tərkib hissəsi olan PACBI təşkilatının koordinatoru Stefani Vestbruk da kampaniyanı tənqid edib. O, Adidas-ın bu addımını fələstinlilərə qarşı “mütləq təhqir” kimi qiymətləndirib.
İtaliyalı fəal Vinçenso Fullone də Adidas məhsullarının atıldığı görüntüləri paylaşaraq boykot çağırışı edib. İspan aktyor Xavyer Bardem həmin paylaşımı sosial şəbəkədə yayımlayaraq çağırışa dəstək verib.
Arizona Universitetinin Hüquq fakültəsinin professoru Xalid Beydun da Adidas-ın kampaniyasını tənqid edənlər arasında olub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, 2023-cü ilin oktyabrından etibarən Qəzzada 5 mindən çox fələstinlinin əzalarını itirdiyi təxmin edilir.
15:32 06.09.2026
Oxunuş sayı: 56