Zərərverici həşərat yayılıb - diqqətli olun
Qəhvəyi mərmər bağacığının Azərbaycanda yayılmasının qarşısının alınması və zərərvericinin yaratdığı risklərin azaldılması istiqamətində tədbirlər davam etdirilir. Payız mövsümünün yaxınlaşması ilə zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi, aşkar olunan ocaqlarda müvafiq tədbirlərin görülməsi və əhali arasında mexaniki mübarizə üsulları ilə bağlı maarifləndirmənin gücləndirilməsi əsas prioritetlər sırasındadır. Bununla yanaşı, zərərvericinin ölkəyə daxil olmasının qarşısının alınması üçün sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinə və ölkə daxilində daşınan yüklərə fitosanitar nəzarətin gücləndirilməsi də diqqətdə saxlanılır.
Ekoloq Sadiq Həsənov Crossmedia.az-a açıqlamasında bildirib ki, qəhvəyi mərmər bağacığının Azərbaycanda yayılmasının Gürcüstan ərazisindən baş verdiyi ehtimal olunur: “Qəhvəyi mərmər bağacığı Asiya mənşəli taxtabiti növüdür və yüksək sürətlə çoxalması ilə seçilir. Adətən mart-aprel aylarında havaların istiləşməsi ilə aktivləşir və təxminən 5-10 gün sonra yumurta qoymağa başlayır. Yumurtalardan 40-50 və bəzən daha çox fərd meydana gələ bilər. Bu səbəbdən onların sayı xüsusilə payız aylarında, sentyabr-oktyabr dövründə kütləvi şəkildə arta bilir. Qəhvəyi mərmər bağacığı müxtəlif ağac və bitki növləri ilə qidalanır. Xüsusilə Zaqatala-Balakən zonasında fındıq təsərrüfatlarına, eləcə də Şəki və Oğuz rayonlarındakı ağaclara ciddi zərər vurduğu müşahidə olunur. Zərərvericinin bitkilərlə qidalanması onların inkişafına və məhsuldarlığına mənfi təsir göstərə bilər. Yarpaqların zədələnməsi fotosintez prosesinin zəifləməsinə, nəticədə isə ağacların quruma riskinin artmasına səbəb ola bilər”.

Ekoloqun sözlərinə görə, zərərvericinin adı onun xarici görünüşü ilə bağlıdır və hazırda ayrı-ayrı regionlarda yayılmasının sürətlənməsi ilə bağlı narahatlıqlar mövcuddur: “Bu həşərata “qəhvəyi mərmər bağacığı” adının verilməsi onun bədəninin qəhvəyi rəngdə olması və üzərində mərməri xatırladan ləkələrin yerləşməsi ilə əlaqədardır. Hazırda zərərvericinin ayrı-ayrı regionlarda yayılmasının sürətləndiyi bildirilir və onunla mübarizə tədbirlərinin gücləndirilməsinə ehtiyac yarana bilər. Mübarizə zamanı müxtəlif üsullardan istifadə mümkündür. Kimyəvi preparatların tətbiqi məsələsi isə zərərvericinin yayılma səviyyəsi, təsərrüfatın vəziyyəti və müvafiq fitosanitar tələblər nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Təbii mübarizə vasitələrinin imkanlarının məhdud olması hallarında kimyəvi mübarizə üsullarına ehtiyac arta bilər”.
S.Həsənov təbii mühitdə zərərvericilərin sayının tənzimlənməsində quşların da müəyyən rol oynaya biləcəyini qeyd edib və yayılmanın qarşısının alınması üçün monitorinqin əhəmiyyətini vurğulayıb: “Təbii mühitdə bəzi quş növlərinin, o cümlədən sərçələrin bu tip həşəratlarla qidalanması onların sayının müəyyən qədər tənzimlənməsinə kömək edə bilər. Quşların sayının azalmasının isə zərərvericilərin populyasiyasına təsir edən amillərdən biri olması mümkündür. Bununla belə, zərərvericinin yayılmasına təsir edən səbəblərin yalnız bir amillə izah edilməsi düzgün olmaz. Hazırda zərərvericinin sayının artması davam edərsə, onun digər ərazilərə, o cümlədən Göyçay, Ağdaş və İsmayıllı istiqamətində yayılması ehtimalı da nəzərdən keçirilə bilər. Belə bir yayılma kənd təsərrüfatı bitkilərinə və meyvə bağlarına əlavə risklər yarada biləcəyindən, vaxtında monitorinq və müvafiq fitosanitar tədbirlərin həyata keçirilməsi əhəmiyyətlidir”.
Nigar Xəlilli
19:30 03.09.2026
Oxunuş sayı: 34