Azərbaycan susuzluq təhlükəsi ilə üz-üzə
Azərbaycanda su itkilərinin yüksək olması ölkənin su təhlükəsizliyi baxımından ciddi problemlərdən biri hesab olunur. İtkilərin böyük hissəsi kənd təsərrüfatında köhnə suvarma üsullarından istifadə ilə bağlıdır. Şəhər yerlərində isə suyun istehlakçılara çatdırılması zamanı, eləcə də məişətdə qeyri-qənaətli istifadə nəticəsində itkilər müşahidə edilir.
Ekoloq Rövşən Abbasov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda su itkilərinin əsas səbəblərindən biri kənd təsərrüfatında köhnəlmiş suvarma metodlarından istifadə olunmasıdır. Bir sıra suvarılan ərazilərdə hələ də selləmə və gölməçələmə üsullarından istifadə edilir ki, bu zaman sahələrə verilən suyun böyük hissəsi itkiyə gedir: “Azərbaycanda su itkilərinin böyük olmasının əsas səbəblərindən biri, əlbəttə ki, kənd təsərrüfatıdır. Əksər suvarılan ərazilərimizdə suvarma metodları kifayət qədər köhnəlib və selləmə, gölməçələmə suvarmasından istifadə olunur. Bu zaman sahələrə verilən suyun 80 faizdən çoxu itkiyə gedə bilir. Paralel olaraq, şəhər yerlərində də vəziyyət ürəkaçan deyil. Bu ərazilərdə də həm sayğaca qədər, həm də sayğacdan sonrakı hissələrdə ciddi su itkiləri baş verir".

Ekoloq qeyd edib ki, sayğaca qədər olan itkilər müvafiq qurum tərəfindən verilən suyun evlərə çatdırılmasına qədər yaranan itkilərdir: "Sayğacdan sonrakı itkilər isə insanların evlərində sudan istifadə zamanı qənaət etməmələri və müxtəlif səbəblərdən yol verdikləri itkilərlə bağlıdır. Bu itkilərin həcmi də kifayət qədər böyükdür. Hazırda kənd təsərrüfatında su itkilərinin azaldılması üçün bir sıra subsidiya və güzəşt proqramları həyata keçirilir. Xüsusilə fermerlərin sudan daha qənaətlə istifadə etməyə imkan verən müasir suvarma üsullarına keçməsi üçün müxtəlif güzəştlər mövcuddur. Məsələn, fermer və ya təsərrüfat damcı suvarma sisteminə keçdikdə, həmin sistemin alınması üçün çəkilən xərclərin müəyyən hissəsi dövlət tərəfindən qarşılanır. Paralel olaraq maarifləndirmə işlərini də gücləndirmək lazımdır ki, su itkiləri azalsın. Azərbaycandakı su itkiləri su təhlükəsizliyimizə çox ciddi təsir edir. Təxminən 3,5 kubkilometr həcmində su itkisi olduğu bildirilir. Bəzi ekspertlərin hesablamalarına görə isə bu rəqəm daha da böyükdür və kifayət qədər ciddi göstəricidir. Əlbəttə, sıfır itkiyə nail olmaq çox çətindir, hətta mümkün deyil. Amma bu itkiləri əhəmiyyətli dərəcədə azaltmaq mümkündür”.
Zeynəb Həsən
20:00 02.09.2026
Oxunuş sayı: 43