Azərbaycan-ATƏT əlaqələrində müsbət dinamikanın davam etdirilməsi mümkündür
Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişlər fonunda ATƏT-in regiondakı mövqeyi və fəaliyyəti yenidən gündəmə gəlib. Prezident İlham Əliyev sentyabrın 3-də ATƏT Parlament Assambleyasının prezidenti Pere Xuan Pons Sampietronu qəbul edib, xarici işlər naziri Ceyhun Bayramov isə onunla görüşdə Azərbaycanın sülh gündəliyi, mina təhlükəsi, itkin şəxslər və regional təhlükəsizlik məsələləri barədə ölkənin mövqeyini çatdırıb. Görüşlərdə Azərbaycanın ATƏT-lə siyasi dialoqunun, eləcə də postmünaqişə dövründə sülh və əməkdaşlığın təşviqində parlamentlərarası əlaqələrin əhəmiyyəti vurğulanıb.
Milli Məclisin deputatı Arzuxan Əlizadə Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanın ATƏT-lə münasibətləri 30 ildən artıqdır davam edir və təşkilatın bundan sonrakı fəaliyyəti regionda formalaşmış yeni reallıqlara uyğun qurulmalıdır:
“Azərbaycanın ATƏT-lə münasibətləri artıq 30 ildən çoxdur davam edir. ATƏT-in Azərbaycan-Ermənistan münaqişəsinin həlli istiqamətində formalaşdırdığı Minsk qrupu da uzun illər bu prosesdə iştirak edib. Təəssüf ki, Azərbaycanın mövqeyinə görə, həmin qurumun fəaliyyəti gözlənilən nəticələri vermədi və müəyyən mərhələlərdə işğal olunmuş Azərbaycan ərazilərinin mövcud status-kvosunun qorunmasına şərait yaradan yanaşmalar müşahidə olundu. Bu isə Azərbaycan tərəfindən qəbul edilən mövqe olmadı. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsindən sonra ATƏT nümayəndələrinin ölkəmizə səfəri zamanı bu məsələyə münasibətdə kifayət qədər aydın mövqe ortaya qoydu. Bildirildi ki, əgər təşkilat Azərbaycanla münasibətlərin inkişafına və regiondakı yeni reallıqlara uyğun fəaliyyətə dair hər hansı təkliflər irəli sürürsə, həmin təkliflərin təqdim olunması mümkündür”.

Deputatın sözlərinə görə, hazırkı mərhələdə ATƏT-in regionda yaranmış yeni reallıqları nəzərə alması və sülh gündəliyinə töhfə verə biləcək təşəbbüslərlə çıxış etməsi vacibdir:
“Hazırkı mərhələdə ATƏT-in öz mandatı çərçivəsində regionda formalaşmış yeni reallıqları nəzərə alması və sülh gündəliyinə dəstək verə biləcək təşəbbüslərlə çıxış etməsi mühüm əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, region dövlətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, dayanıqlı sülhün təmin olunması və kommunikasiya əlaqələrinin bərpası istiqamətində həyata keçirilən layihələr bu baxımdan əhəmiyyətli ola bilər. Azərbaycanın təqdim etdiyi və regionda nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi gələcəkdə həm Azərbaycanla, həm də digər region dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi baxımından yeni imkanlar yarada bilər. Bu prosesdə ATƏT-in də öz imkanları və mandatı çərçivəsində konstruktiv rol oynaması əməkdaşlığın inkişafına töhfə verə bilər”.
A.Əlizadə qeyd edib ki, 2020-ci ildən sonra regionda yeni reallıqların formalaşması Azərbaycanın regional proseslərdə rolunu da əhəmiyyətli dərəcədə artırıb. Onun fikrincə, bu şəraitdə ATƏT ilə münasibətlərin də yeni yanaşmalar əsasında inkişaf etdirilməsi mümkündür:
“Bütövlükdə isə regionda 2020-ci ildən sonra yeni reallıqlar formalaşıb və Azərbaycanın regional proseslərdəki rolu əhəmiyyətli dərəcədə artıb. Azərbaycan qonşu və digər region dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətlər qurur, eyni zamanda müxtəlif beynəlxalq platformalarda fəal əməkdaşlıq həyata keçirir. Çoxvektorlu xarici siyasət və bu siyasətin nəticəsində formalaşan geniş əməkdaşlıq əlaqələri Azərbaycanın regional proseslərdəki mövqeyini gücləndirən amillərdəndir. Bu baxımdan, ATƏT rəhbərliyinin və qurumlarının da Azərbaycanla münasibətlərin davam etdirilməsində maraqlı olması təbiidir. Hesab edirəm ki, təşkilatın fəaliyyəti regionda dayanıqlı sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə, mövcud reallıqların nəzərə alınmasına və qarşılıqlı münasibətlərin inkişafına xidmət edərsə, Azərbaycan-ATƏT əlaqələrində də müsbət dinamikanın davam etdirilməsi mümkündür”.
Nigar Xəlilli
19:45 03.09.2026
Oxunuş sayı: 49