Daşınmaz əmlakın qeydiyyatında yeni qaydalar - prezident fərman imzaladı
Prezident İlham Əliyevin imzaladığı fərmanla daşınmaz əmlakın dövlət kadastrının aparılması üzrə yeni qaydalar təsdiqlənib. Yeni qaydalar daşınmaz əmlakın kəmiyyət və keyfiyyət göstəricilərinin dövlət kadastrına daxil edilməsini, müxtəlif sahəvi kadastrlarda saxlanılan məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə vahid kadastr sisteminə inteqrasiyasını nəzərdə tutur. Dövlət kadastrının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən elektron sistem üzərindən aparılması daşınmaz əmlak barədə məlumatların vahid bazada toplanması və uçotun daha sistemli şəkildə həyata keçirilməsi baxımından əhəmiyyətlidir.
Əmlak eksperti Ramil Osmanlı Crossmedia.az-a açıqlamasında bildirib ki, daşınmaz əmlakın kadastrı ilə bağlı Prezident tərəfindən imzalanmış fərmanın icrası istiqamətində müvafiq icra hakimiyyəti orqanının və onun vəzifəli şəxslərinin üzərinə böyük məsuliyyət düşür:
“Cənab Prezident tərəfindən daşınmaz əmlakın kadastrı ilə bağlı imzalanmış fərmanın icrası istiqamətində müvafiq icra hakimiyyəti orqanının və onun vəzifəli şəxslərinin üzərinə böyük məsuliyyət düşür. Əslində, daşınmaz əmlakın qeydiyyatı istiqamətində də müxtəlif illərdə cənab Prezident tərəfindən fərman və sərəncamlar imzalanıb, müvafiq qərarlar qəbul edilib. Təəssüf ki, onların bəzilərinin icrası ilə bağlı vəziyyəti hər zaman qənaətbəxş hesab etmək mümkün deyil. Xüsusilə daşınmaz əmlakın ilkin qeydiyyatı ilə bağlı hələ də müəyyən problemlər mövcuddur. Bu cür qərarların əsas məqsədlərindən biri ilkin qeydiyyatla bağlı problemlərin mərhələli şəkildə aradan qaldırılması, prosesdə şəffaflığın artırılması, vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi və vətəndaşlar üçün daha əlverişli şəraitin yaradılmasıdır”.
Ekspert qeyd edib ki, son illərdə elektron xidmətlərin genişləndirilməsi və bir sıra sənədlərin onlayn əldə edilməsinin mümkünləşdirilməsi daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşların işinin asanlaşdırılması baxımından müsbət addımlardır:

“Son dövrlərdə elektron xidmətlərin genişləndirilməsi, bir sıra sənədlərin elektron qaydada əldə edilməsi, müvafiq arayış və digər sənədlərin onlayn təqdim olunması istiqamətində atılan addımlar da bu baxımdan müsbət qiymətləndirilə bilər. Bütün bunları ona görə qeyd edirəm ki, fərmanın icrası çərçivəsində müvafiq icra hakimiyyəti orqanının atacağı addımların şəffaf, qanunvericiliyə uyğun və vətəndaşların hüquq və mənafelərinin təmin edilməsinə yönəlmiş olması mühüm əhəmiyyət daşıyır”.
R.Osmanlının sözlərinə görə, müraciətlərə formal yanaşmanın üstünlük təşkil etməsi və məsələlərin əsasən məhkəmə müstəvisinə yönəldilməsi fərmanın qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsinə maneə yarada bilər:
“Əgər hər hansı müraciətə yalnız qanunun müəyyən maddəsinə istinad edilməklə formal imtina verilməsi və məsələlərin əsasən məhkəmə müstəvisində həllinə yönəldilməsi praktikası üstünlük təşkil edərsə, gözlənilən nəticələrin əldə olunması çətinləşə bilər. Bununla belə, ümid edirəm ki, cənab Prezidentin fərmanının icrası istiqamətində müvafiq icra hakimiyyəti orqanı üzərinə düşən məsuliyyətə uyğun şəkildə hərəkət edəcək və bu proses daşınmaz əmlakın qeydiyyatı sahəsində mövcud problemlərin həllinə, şəffaflığın artırılmasına və vətəndaşlar üçün daha əlçatan mexanizmlərin formalaşdırılmasına öz töhfəsini verəcək”.
Nigar Xəlilli
20:30 03.09.2026
Oxunuş sayı: 47