“Travmam var” demək başqasını incitməyə BƏHANƏ DEYİL
Keçmişdə yaşanan travmatik hadisələr insanın düşüncə tərzinə, emosiyalarına və digər insanlarla münasibətlərinə uzunmüddətli təsir göstərə bilər. Uşaqlıqda yaşanan zorakılıq, emosional laqeydlik, itkilər və digər ağır təcrübələr sonrakı dövrlərdə insanın müəyyən vəziyyətlərə həddindən artıq qorxu, aqressiya və ya müdafiə reaksiyası verməsinə səbəb ola bilər. Lakin mütəxəssislər hesab edirlər ki, insanın davranışının səbəbini anlamaq həmin davranışa bəraət qazandırmaq anlamına gəlmir.
Mövzu ilə bağlı psixoloq Nizami Orucov Crossmedia.az-a açıqlamasında bildirib ki, travmalar insanın davranışlarına təsir göstərsə də, bu, onun etdiyi hərəkətlərə haqq qazandırmır:
“Burada çox vacib bir fərq var: səbəbi anlamaq başqa şeydir, davranışa bəraət qazandırmaq başqa. Məsələn, insan uşaqlıqda zorakılıq görüb və bunun nəticəsində aqressiv davranış forması inkişaf etdirib. Bu, onun niyə belə reaksiya verdiyini anlamağımıza kömək edə bilər. Amma həmin insanın bu gün başqasına zorakılıq göstərməsini düzgün etmir.
‘Travmam var, ona görə belə davranıram’ ifadəsi əgər insanın öz davranışını anlamaq və dəyişmək üçün istifadə etdiyi izahdırsa, bu faydalı ola bilər. Amma ‘mən travma yaşamışam, ona görə nə etsəm də, məni qınamaq olmaz’ yanaşmasına çevrilirsə, artıq bu, məsuliyyətdən qaçmağa səbəb ola bilər.
Travma insanın davranışına təsir edə bilər, amma insanın bütün həyatını və xarakterini müəyyən etmir. Eyni travmanı yaşayan iki insanın reaksiyası da eyni olmaya bilər. Burada insanın şəxsiyyəti, yaşadığı mühit, sonrakı münasibətləri, öyrəndiyi davranışlar və psixoloji dəstək alıb-almaması da rol oynayır.
Bəzən insan travmasının fərqinə varandan sonra öz davranışlarına başqa gözlə baxmağa başlayır. Əvvəllər niyə daim müdafiəyə keçdiyini, niyə insanlara güvənməkdə çətinlik çəkdiyini və ya müəyyən vəziyyətlərdə niyə həddindən artıq qəzəbləndiyini daha yaxşı anlaya bilər. Bu fərqindəlik dəyişiklik üçün başlanğıc ola bilər.
Amma ‘mən belə doğulmamışam, başıma gələnlər məni belə edib’ deməklə məsələ bitmir. Əksinə, insan səbəbi anlayandan sonra öz üzərində işləməyə başlamalıdır. Çünki keçmişdə bizə nə baş verdiyinə həmişə nəzarət edə bilməmişik, amma bu gün həmin təcrübənin təsirini necə idarə edəcəyimizlə bağlı müəyyən məsuliyyətimiz var.
Xüsusilə münasibətlərdə bu məsələ daha həssasdır. Bir insanın travması onun ağrısını izah edə bilər, amma qarşı tərəfin sərhədlərini pozmaq, təhqir etmək və ya davamlı olaraq incitmək üçün səbəb ola bilməz. Sağlam münasibətdə hər iki tərəfin yaşadığı ağrı nəzərə alınmalı, amma heç kimin ağrısı digərinə zərər vermək üçün bəhanəyə çevrilməməlidir”.
Psixoloq qeyd edib ki, ona görə də ‘travmam var’ demək son nöqtə yox, əksinə, başlanğıc nöqtəsi olmalıdır: “İnsan ‘mən niyə belə davranıram?’ sualından sonra ‘bunu necə dəyişə bilərəm?’ sualını da verməlidir.
Əgər travmatik təcrübələr insanın gündəlik həyatına və münasibətlərinə ciddi təsir göstərirsə, bu prosesdə psixoloq və ya psixoterapevtlə işləmək də faydalı ola bilər”.
Zeynəb Həsən
18:15 03.09.2026
Oxunuş sayı: 42