Rusiyada general-mayora silahlı hücum
Rusiyanın Engels şəhərində törədilən sui-qəsdin hədəfinin Rusiya Aerokosmik Qüvvələrinin 22-ci ağır bombardmançı aviasiya diviziyasının komandiri, general-mayor Nikolay Varpaxoviç olduğu iddia edilir.
Crossmedia.az xəbər verir ki, Ukrayna mənbələri bu barədə məlumat yayıb.
Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, Varpaxoviç 2024-cü il iyulun 8-də Kiyevdəki “Oxmatdet” Milli Uşaq İxtisaslaşdırılmış Xəstəxanasına zərbə endirilməsi barədə əmr verən şəxslərdən biri olub. Həmin hücum nəticəsində iki nəfər, o cümlədən bir həkim ölüb, onlarla insan yaralanıb.
Ukrayna mənbələri həmçinin onun 2023-cü ilin iyununda Krivoy Roqa endirilən zərbənin hazırlanmasında iştirak edən komandirlərdən biri olduğunu bildirir. Həmin hadisə nəticəsində səkkiz nəfər həlak olub.
Bundan başqa, Varpaxoviçin 2022-ci il aprelin 23-də Odessaya endirilən zərbə ilə əlaqəsinin olduğu iddia edilir. Ukrayna mənbələrinin məlumatına görə, həmin hücumda səkkiz nəfər, o cümlədən üç aylıq körpə həlak olub.
Rusiyanın “Gazeta.Ru” nəşri də sentyabrın 3-də Engelsdə 22-ci ağır bombardmançı aviasiya diviziyasının komandirinə qarşı sui-qəsd cəhdi barədə məlumat yayıb.
17:29 03.09.2026
Oxunuş sayı: 38