Aİ Azərbaycan qazı ilə bağlı vədini yerinə yetirəcəkmi?
Avropa İttifaqının Azərbaycan qazının Avropaya nəqlini 2027-ci ilədək iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırmaq planı ilə bağlı konkret addımların atılmadığı iddia edilir.
Crossmedia.az xəbər verir ki, təqdim olunan məlumatda bu barədə bildirilir.
Hazırda Azərbaycanın Aİ-yə qaz ixracının təxminən 11,5 milyard kubmetr olduğu qeyd edilir. İddialara görə, hədəfə çatmaq üçün təxminən 400 milyon dollar dəyərində 8 kompressor stansiyasının tikintisi kifayət edə bilər.
Məqalədə bildirilir ki, məsələ tərəfdaşın olmamasında deyil. Azərbaycan 2022-ci ildən etibarən Avropa İttifaqına qaz tədarükünü 65 faiz artırıb, 16 Avropa ölkəsinin bazarına çıxıb, həmçinin Almaniya və Avstriyaya qaz ixracına başlayıb.
Azərbaycanın daha böyük həcmdə tədarükə hazır olduğu, lakin bunun üçün uzunmüddətli müqavilələrin bağlanmasını və “fosil yanacaq” layihələrinin maliyyələşdirilməsi ilə bağlı bank məhdudiyyətlərinin aradan qaldırılmasını tələb etdiyi bildirilir.
Məlumatda Avropa İttifaqının “yaşıl gündəliyinin” qaz infrastrukturu layihələrinə investisiyaları məhdudlaşdırdığı və bunun enerji təhlükəsizliyi baxımından problemlər yaratdığı iddia olunur.
Müəllif Avropanın Rusiya qazından asılılığı azaltmaqla yanaşı, ABŞ-dan mayeləşdirilmiş təbii qaz idxalını artırdığını qeyd edir və Azərbaycanın qaz tədarükünün diversifikasiya baxımından alternativ imkan yaratdığını vurğulayır.
14:35 03.09.2026
Oxunuş sayı: 55