Ofis işçiləri bu xəstəliklərlə üz-üzədir
Səhər işə gələn insanın günün sonunda bel və boyun ağrısı, göz yorğunluğu və halsızlıqla evə qayıtması artıq bir çox ofis əməkdaşı üçün adi hala çevrilib. Saatlarla eyni vəziyyətdə oturmaq, kompüter qarşısında uzun müddət qalmaq və gün ərzində kifayət qədər hərəkət etməmək orqanizmə mənfi təsir göstərə bilər. Bu cür iş rejimi yalnız fiziki deyil, ümumi iş qabiliyyətinə və gündəlik həyat keyfiyyətinə də təsir edə bilər.

Mövzu ilə bağlı tibb elmləri doktoru, cərrah Adil Qeybulla Crossmedia.az-a açıqlamasında bildirib ki, oturaq həyat tərzi dövrümüzün yeni problemlərindən biridir:
“Yəni oturaq həyat tərzi bəzi işlərdə, xüsusən kompüter işlərində əsas vərdişdir. Amma bütün insanlar, hansılar ki, oturaq həyat tərzində işləməyə məcburdurlar, ən azı hər 15 dəqiqədən bir ayağa qalxmalı və pəncələr üzərində özlərini yuxarı qaldırmalıdırlar. Yəni pəncələr üzərində qalxmaq tələb olunur ki, bu, baldır nahiyəsində əzələlərin, baldır əzələlərinin sıxılmasına və venalardan qanın işlənməsinə kömək edir. Sonra fasilələrdə bir az hərəkət etmək lazımdır. Yəni, əlbəttə, istənilən bir ofis işində fasilələr olur. Həmin fasilələrdə mümkün qədər imkan varsa, çıxıb bağda gəzmək və yaxud da ki, hansısa gəzinti olmasa belə, ən azı hərəkət etmək məsləhətdir. Ən yaxşı tövsiyə olunan məsələ pəncələr üzərinə özünü qaldırmaqdır ki, bu da həmin əzələlərin heç olmasa 20 dəfə bu hərəkəti etməklə sıxılıb-açılmasına və venoz qanın ürəyə yönləndirilməsinə bir dəstək olur”.
A. Qeybulla qeyd edib ki, ümumiyyətlə, oturaq həyat tərzi, əlbəttə ki, bir problemdir: “Yəni insanın bir tərəfdən gözü yorulur, göz bəbəkləri quruyur, digər tərəfdən bir pozisiyada boyun əzələlərində və boyun fəqərələrində duzlaşma, osteoxondroz baş verir və s. Yəni bütün bunlar hamısı qaydaya salınmalıdır. Oturaq həyat tərzi, əlbəttə, insan üçün ziyandır. Hansısa formada, xüsusilə də bu aşağı ətrafların dizdən və çanaq-oynaq tərəfdən bükülməsi venoz qanın ürəyə getməsinə mane olur, ayaqlarda durğunluq yaranır. Məsələn, siz əgər üç saat avtobusda oturub getsəniz, ayaqlarınızı soyunub sonra ayaqqabını geyinmək çətin olur. Niyə? Orada fizioloji ödem yaranır. Bu təbiidir və bütün bunlar olmasın deyə mütəmadi idman hərəkətləri lazımdır”.
Nuray Mehtiyeva
17:40 02.09.2026
Oxunuş sayı: 42