Moskvanın yanacaq planı genişlənir: Yeni ölkələrə tədarük başladı
Rusiya ixrac qadağasını aradan qaldırdıqdan sonra Türkiyə və Braziliyaya dizel yanacağı tədarükünü yenidən başladıb. Eyni zamanda, Mərakeş də Rusiya dizelinin idxalını artırmağa başlayıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Məlumata görə, Rusiya oktyabrın əvvəlində daxili bazarda yaranan yanacaq çatışmazlığını aradan qaldırmaq məqsədilə tətbiq etdiyi dizel ixracı qadağasını ləğv edib. Ukrayna pilotsuz uçuş aparatlarının neft emalı zavodlarına hücumları ölkədə yanacaq təminatına təsir göstərmişdi. İxracın bərpasından sonra ən azı iki tanker Rusiyanın əvvəlki daimi alıcılarına doğru yola çıxıb.
Oktyabrın 16-da Rusiyanın Primorsk limanından ayrılan “Leruo” tankeri Braziliyanın Manaus şəhərinə, oktyabrın 14-də yola düşən “Dolunay” tankeri isə Türkiyənin Alanya şəhərinə istiqamətlənib. Kpler-in məlumatına əsasən, tankerlərin hər biri 300 min barel dizel yanacağı daşıyır.
Bu il Türkiyə Rusiyanın dizel yanacağı ixracının təxminən 34 faizini, Braziliya 24 faizini, Mərakeş isə 10 faizini alıb.
Oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-yə böyük həcmdə dizel yanacağı tədarükü barədə razılıq əldə edildiyini açıqlayıb. Onun sözlərinə görə, Rusiya noyabrda ABŞ-yə 500 min ton, bundan dərhal sonra isə daha 1 milyon ton dizel yanacağı göndərə bilər.
ABŞ-nin energetika naziri Kris Rayt da Rusiyadan əlavə dizel tədarükünün dünya bazarına çıxarılmasının amerikalı istehlakçılar üçün sərfəli ola biləcəyini bildirib.
18:32 20.10.2026
Oxunuş sayı: 146