Hər kəliməmə cavabdehəm - Novella Cəfəroğlu
“David Seliverstov” adı ilə tanınan Kazım Abbasov ətrafında yaranmış qalmaqal yeni iddialarla gündəmdədir. Hüquq müdafiəçisi Novella Cəfəroğlu onunla telefon danışığının icazəsiz yazıldığını və montaj edilərək yayımlandığını bildirərək hüquqi addımlar atacağını açıqlayıb. Digər tərəfdən, Abbasovun özünü fərqli kimliklə təqdim etməsi və yaratdığı iddia olunan “Magen David” təşkilatının fəaliyyəti ilə bağlı səsləndirilən iddialar da məsələnin hüquqi və ictimai müstəvidə araşdırılmasını zəruri edir.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Crossmedia.az-a açıqlamasında Silvestrov məsələsinin ictimai müzakirəyə çıxarılmasını və onun səsinin icazəsi olmadan yayılmasını tənqid edib. O, əsas narazılığının səsinin hansı məqsədlə yazılması və sonradan təhrif olunaraq ictimaiyyətə təqdim edilməsi ilə bağlı olduğunu bildirib: "Mən Silvestrov məsələsini müzakirə etmək istəməzdim. Çünki bu, hüquq-mühafizə orqanlarının işidir. Nə sadə insanların, nə hüquq müdafiəçilərinin, nə də jurnalistlərin bu məsələni araşdırması doğru deyil. Orada bizim bilmədiyimiz çoxlu qaranlıq məqamlar var. Mənim əsas iradım səsimin hansı məqsədlə yazılması və icazəm olmadan ictimaiyyətə təqdim edilməsidir. Nə danışmışamsa, nə etmişəmsə, hamısına cavabdehəm. Sadəcə, cavablarımı bir qədər dəyişdirərək başqa formada təqdim ediblər. Mənim etirazım buna görədir”.

Hüquq müdafiəçisi vurğulayıb ki, hər hansı şəxsin fəaliyyəti ilə bağlı hüquqi məsələ varsa, araşdırmanı müvafiq dövlət qurumları aparmalıdır: “Hər hansı şəxsin fəaliyyəti ilə bağlı hüquqi məsələ varsa, bunu hüquq-mühafizə orqanlarına təqdim etmək lazımdır və onlar araşdırmalıdırlar. Mənim dediyim budur”.
Nigar Xəlilli
15:55 27.08.2026
Oxunuş sayı: 59