Britaniya Ukraynanın döyüş məlumatları ilə AI sistemləri hazırlayacaq
Böyük Britaniya Ukraynanın döyüş meydanında topladığı məlumatlardan istifadə etməklə hərbi bazaları və kritik infrastrukturu mümkün hücumlardan qorumaq üçün süni intellekt sistemləri hazırlayacaq.
Crossmedia.az xəbər verir ki, “The Guardian” bu barədə məlumat yayıb. London və Kiyev arasında əldə olunan razılaşma çərçivəsində Ukraynanın döyüş təcrübəsindən əldə edilən geniş məlumat bazasından süni intellekt modellərinin hazırlanmasında istifadə olunacaq. Məqsəd hərbi obyektlər, dəmir yolları və enerji infrastrukturu kimi həssas məkanlara qarşı təhlükələri əvvəlcədən müəyyənləşdirməkdir.
Layihənin ilkin mərhələsində AI sisteminin Böyük Britaniyadakı hərbi obyektlərdən birində sınaqdan keçirilməsi planlaşdırılır. Sistem optik lif kabellərində quraşdırılan sensorlardan əldə edilən məlumatları təhlil edərək mümkün təhlükələri müəyyənləşdirməyə çalışacaq. Hazırlanan texnologiyanın həm düşmən dövlətlərin, həm də etiraz aksiyalarının kritik obyektlərə yaratdığı təhlükələrin aşkarlanmasında istifadə edilməsi nəzərdə tutulur. Layihəyə “Sintela”, “Mind Foundry” və “Skyral” kimi süni intellekt şirkətlərinin cəlb olunmasına razılıq verilib. Məlumat bazasının əsas üstünlüyü Ukraynanın son illərdə topladığı real döyüş materiallarıdır. Buraya dron görüntüləri, zərbələr və digər hərbi əməliyyatlarla bağlı təxminən dörd illik məlumatların daxil olduğu bildirilir. Böyük Britaniya hesab edir ki, bu məlumatlar AI sistemlərinin real təhlükələri daha yaxşı tanımasına və kritik infrastruktura qarşı mümkün hücumları proqnozlaşdırmasına kömək edə bilər. Eyni zamanda, məlumatların paylaşılması məxfiliklə bağlı suallar da doğurur.
16:10 25.08.2026
Oxunuş sayı: 51