Təhlükəli sürücülük videolarına sərt reaksiya: Baş nazir paylaşanları qınadı
Böyük Britaniyanın Baş naziri Endi Börnhəm sosial şəbəkələrdə təhlükəli avtomobil idarəçiliyini təbliğ edən videoların paylaşılmasını “həqiqətən qınanılmalı” hərəkət adlandırıb.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb. Böyük Britaniya hökuməti sosial media şirkətlərini təhlükəli sürücülüyü təbliğ edən paylaşımları silməyə çağırıb. Bundan əvvəl müdafiə naziri Lyuk Pollard “BBC Breakfast” proqramında bildirib ki, sosial media şirkətləri bu məzmunu asanlıqla silə və onun yayılmasının qarşısını almaq üçün alqoritmlərini dəyişə bilərlər.
Hökumətin çağırışı İngiltərənin Midlsbro şəhəri yaxınlığında baş verən ağır yol qəzasından sonra səsləndirilib. Şənbə günü əks istiqamətdə hərəkət edən avtomobil ikizolaqlı yolda polis əməkdaşlarının olduğu avtomobillə toqquşub. Qəza nəticəsində iki polis əməkdaşı həlak olub. Digər avtomobildə olan beş sərnişin də həyatını itirib. Həlak olan sərnişinlərdən birinin – 18 yaşlı Makay Seddinqtonun istifadə etdiyi ehtimal olunan “TikTok” hesabında daha əvvəl təhlükəli avtomobil idarəçiliyini göstərən videolar paylaşılmışdı. Həmin görüntülər sonradan silinib. Lakin Klivlend Polisi bildirib ki, cümə gecəsi və şənbə səhəri baş verən hadisələrin “TikTok” üçün çəkildiyini göstərən heç bir sübut yoxdur.
15:46 25.08.2026
Oxunuş sayı: 53