Güney Azərbaycanda milli fəal həbsxanaya göndərildib
Güney Azərbaycan Milli Hərəkatının fəallarından Yusif Sələhşur bir il müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkmək üçün Təbriz Mərkəzi Zindanına köçürülüb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, onun elektron qolbaqdan istifadə ilə bağlı müraciəti rədd edildikdən sonra həbs cəzasının icrasına başlanılıb.
Şərqi Azərbaycan əyaləti Apellyasiya Məhkəməsinin 26-cı şöbəsinin qərarı ilə Sələhşurun “İslam Respublikası əleyhinə təbliğat aparmaq” və “ictimai asayişi pozmaq” ittihamları üzrə bir illik həbs cəzası qüvvədə saxlanılıb.
Məhkəmə, həmçinin ona iki il müddətinə ölkədən çıxış və sosial mediada fəaliyyət qadağası qoyub.
Sələhşurun işi beş il əvvəl Təbrizdə keçirilən etiraz aksiyaları ilə bağlıdır. O, həmin dövrdə evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və şəxsi əşyaları müsadirə edilib. Daha sonra Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında və Mərkəzi Zindanda təxminən 20 gün saxlanıldıqdan sonra girov qarşılığında müvəqqəti azadlığa buraxılıb.
23:48 24.08.2026
Oxunuş sayı: 42