Rusiya Türkiyədən ilk benzin partiyasını avqustun sonunadək ala bilər
Rusiya avqustun sonunadək Türkiyədən 200 min barel həcmində benzin partiyası qəbul edə bilər.
Crossmedia.az xəbər verir ki, “S&P Global Commodities at Sea” bu barədə məlumat yayıb. Analitiklərin məlumatına görə, 25–50 min ton dedveyti olan “Wendrix” MR sinifli Mersin limanından yola düşərək Baltikyanı limanlardan birinə istiqamətlənir. Tankerdəki yanacağın istehsal olunduğu yer məlum deyil. Bu, iyul ayından bəri Rusiyaya xaricdən gətirilən və məlum olan beşinci benzin partiyası olacaq.
“S&P Global”ın məlumatına görə, son bir ay ərzində Rusiya Hindistanın Vadinar terminalında yüklənmiş üç tanker qəbul edib. Yanacaq Misir yaxınlığında gəmidən-gəmiyə yükləmə yolu ilə daşınıb. Daha bir benzin partiyası Mərakeşdən Rusiyaya çatdırılıb. Yanacağın mənşəyi məlum deyil. “S&P Global” qeyd edir ki, Mərakeşdəki yeganə neft emalı zavodu 2015-ci ildə fəaliyyətini dayandırıb. Analitiklər iyulun sonundan etibarən Rusiyaya dəniz yolu ilə gətirilən benzinin ümumi həcmini 1 milyon bareldən çox qiymətləndirirlər.
19:57 23.08.2026
Oxunuş sayı: 58