Təyyarə qorxusunu 5 dəqiqəyə azaltmağın sirri açılıb
Yetkin insanların təxminən 25–30 faizi təyyarə ilə uçuşdan əvvəl narahatlıq hiss edir.
Crossmedia.az ˝Unian˝a istinadən xəbər verir.
Lakin statistikaya görə, aviasiya nəqliyyatın ən təhlükəsiz növlərindən biri olaraq qalır.
Mütəxəssislər aerofobiyanın öhdəsindən gəlmək üçün bir sıra sadə üsullar tövsiyə edirlər.
Stüardessa Sierra Mitt yüksəklikdə havanı jeleyə bənzədib. O, keçirdiyi təcrübədə göstərib ki, suyun içində oyuncaq təyyarə dərhal dibə çökür, jeledə isə səthdə sabit qalır.
Onun sözlərinə görə, 9 min metr yüksəklikdə hava təzyiqi daha yüksək olur və təyyarəni sallamaq üçün böyük qüvvə tələb edilir. Buna görə də sərnişinlər özlərini sanki jele içində hərəkət edən kimi təsəvvür edə bilərlər.
Uçuş zamanı ayaqları qaldırmaq
Təcrübəli səyahətçilər Sara və Rayan maraqlı üsul paylaşaraq bildiriblər ki, uçuş zamanı ayaqları yerdən bir qədər qaldırmaq titrəmə hissini azaltmağa kömək edir.
Onların fikrincə, bu üsul bədənin hiss etdiyi narahatlığı azaldır və sanki bədən üçün səs-küy azaldıcı sistem rolunu oynayır.
Təyyarədə baş verənləri anlamaq
Mütəxəssislər bildirirlər ki, təyyarənin səsləri və hərəkətləri haqqında əvvəlcədən məlumatlı olmaq qorxunu azaldır.
Məsələn, uçuşdan sonra təyyarənin yana əyilməsi nasazlıq deyil, marşruta uyğun istiqamət dəyişməsidir. Aviasiya psixologiyası üzrə professor Robert Bor qeyd edir ki, texniki prosesləri anlamaq insanın stress səviyyəsini əhəmiyyətli dərəcədə azaldır.
Nəfəs məşqləri və bədənə nəzarət
Professor Borun sözlərinə görə, düzgün nəfəs alma üsulları özünü sakitləşdirməyin ən effektiv yollarından biridir.
O, yavaş nəfəs almağı və 5–7 saniyə ərzində asta şəkildə nəfəs verməyi tövsiyə edir. Bu üsul ürək döyüntüsünü azaltmağa kömək edir.
Digər maraqlı üsul isə əzələləri qısa müddətə sıxmaqdır. Mütəxəssis beş saniyə ərzində omba əzələlərini sıxıb daha sonra boşaltmağın sinir sisteminə nəzarəti artırdığını bildirib.
Bundan əlavə, barmaqlara fokuslanmaq və xırda hərəkətlər etmək də diqqəti qorxulu düşüncələrdən yayındıra bilər.
Düzgün oturacaq seçimi
Virgin Australia əməkdaşı Sara Qudvin sərnişinlərə təyyarənin ön hissəsinə yaxın yerləri seçməyi məsləhət görür.
Onun sözlərinə görə, turbulentlik ən azı bu hissədə hiss olunur. Qanadların yaxınlığı da daha sabit bölgə hesab olunur.
Qudvin sərnişinlərə ekipajdan kömək istəməkdən çəkinməməyi tövsiyə edib. O bildirib ki, stüardessalar narahat sərnişinlərlə danışmağa və onları sakitləşdirməyə öyrəşiblər.
Turbulentlik proqnozunu yoxlamaq
Travel + Leisure jurnalisti Steysi Leaska uçuş qorxusunu azaltmaq üçün ən çox kömək edən üsulun turbulentlik proqnozuna baxmaq olduğunu bildirib.
O, marşrut üzrə turbulentlik, külək və hava şəraiti barədə məlumat verən Turbli xidmətindən istifadə edir.
Mütəxəssislərin fikrincə, əvvəlcədən məlumat əldə etmək insan beyninin qorxu hissindən məsul hissəsinin deyil, məntiqi düşüncənin aktivləşməsinə kömək edir.
08:38 23.08.2026
Oxunuş sayı: 58