Sibiqa müharibənin bitməsinə mane olan tərəfi açıqladı
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün aparılan sülh səylərinin hazırda dayanma mərhələsində olduğunu bildirib.
Crossmedia.az ˝Unian˝a istinadən xəbər verir ki, bu barədə Sibiga Kiyevdə Almaniyanın xarici işlər naziri Yohann Vadeful ilə birgə keçirdiyi brifinqdə danışıb.
Ukrayna XİN rəhbərinin sözlərinə görə, sülh prosesində irəliləyiş əldə etmək üçün ABŞ-nin danışıqlarda daha fəal iştirakı vacibdir.
“Hazırda proses dalana dirənib. Bizə ABŞ tərəfinin daha aktiv iştirakı lazımdır. Amerika olmadan, ABŞ-nin dəstəyi olmadan bu vəziyyətdə irəliləyişə və ədalətli sülhə nail olmaq real deyil”, – deyə Sibiqa bildirib.
Nazir qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu məsələni Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüş zamanı da müzakirə edib. Onun sözlərinə görə, Kiyevin sülh prosesini sürətləndirmək üçün yaradıcı ideyaları var və Ukrayna ABŞ danışıqlar qrupunun səfərini gözləyir.
Sibiqa Avropanın da sülh səylərində rolunu Almaniya xarici işlər naziri ilə müzakirə etdiyini bildirib. O vurğulayıb ki, yeni siyasi-diplomatik mərhələ əsasən müharibənin başa çatdırılmasına yönəlməlidir.
Ukrayna XİN rəhbəri əlavə edib ki, hazırda Rusiya tərəfinin ciddi danışıqlara hazır olduğuna dair heç bir əlamət görünmür. Onun sözlərinə görə, Moskva əksinə, hücumları gücləndirib və BMT məlumatlarına əsasən, iyul ayı Ukraynada mülki itkilərin ən çox qeydə alındığı aylardan biri olub.
Sibiqa həmçinin Rusiya Prezidenti Vladimir Putinin müharibəni davam etdirmək üçün müxtəlif simvolik addımlara əl atdığını iddia edib və Dmitri Donskoyun qalıqlarının cəbhəyə aparılması ilə bağlı xəbərləri tənqid edib.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful isə ABŞ-nin Ukrayna ilə bağlı danışıqlarda mühüm rol oynamağa davam edəcəyinə ümid etdiyini bildirib.
18:59 22.08.2026
Oxunuş sayı: 66