Sərhədləri aşan dil və mədəniyyət layihəsi: “Bülbül” – MÜSAHİBƏ
Azərbaycan dilinin yaşadılması və gələcək nəsillərə ötürülməsi xüsusilə xaricdə yaşayan azərbaycanlı ailələr üçün mühüm məsələlərdən biridir. Uşaqların ana dilini yalnız öyrənməsi deyil, onu sevməsi və gündəlik həyatında istifadə etməsi milli kimliyin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan uşaqlar üçün hazırlanmış maarifləndirici və Azərbaycan dilini təbliğ edən nəşrlər mühüm vasitəyə çevrilir.
Artıq geniş yayılan belə kitablardan biri də xaricdə böyüyən azərbaycanlı uşaqların ana dili və milli dəyərlərlə bağının gücləndirilməsinə xidmət edir. Kitabın hazırlanması və ərsəyə gəlməsində Diasporla İş üzrə Dövlət Komitəsinin göstərdiyi dəstək də xüsusi diqqət çəkir. Nəşrin müxtəlif ailələrə və uşaqlara çatdırılması isə bu istiqamətdə görülən işlərin daha geniş auditoriyanı əhatə etməsinə imkan yaradır.
Mövzu ilə bağlı İngiltərədə, o cümlədən xarici ölkələrdə Azərbaycan dili və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən müəllif, həmyerlimiz Emiliya Cəbrayılova Crossmedia.az-a geniş müsahibə verib.

-Azərbaycanda doğulub böyüyən uşaqla xaricdə, xüsusilə başqa mədəniyyətin içində böyüyən azərbaycanlı uşağa Azərbaycan dili, mədəniyyəti və tarixini öyrətmək arasında ciddi fərq var. Siz uşaqlarla işləyərkən hansı çətinliklərlə qarşılaşırsınız?
-Əsas çətinlik ondan ibarətdir ki, Azərbaycanda doğulub böyüyən azərbaycanlı uşağa ölkəmizə aid nəyisə öyrətmək bir məsələdir, azərbaycanlı ailədə böyüyən, lakin valideynlərindən biri xarici vətəndaş olan və Azərbaycan mühitindən kənarda yaşayan uşağa Azərbaycan dili, mədəniyyəti, tarixi və milli dəyərlərini öyrətmək isə tamam başqa məsələdir. Azərbaycanda böyüyən uşaq həmin mühitin içindədir. Xaricdə yaşayan uşağın Azərbaycana aid gördüyü mühit isə çox vaxt yalnız valideynlərindən, evin içindən gəlir. Valideynlərdən biri xarici vətəndaş olduqda bu proses daha da çətinləşir. Uşaq Azərbaycanla bağlı materialları, dili və digər dəyərləri tam şəkildə mənimsəməkdə çətinlik çəkə bilər. Xaricdə doğulub böyüyən, başqa bir mədəniyyətin içində yaşayan uşağa Azərbaycan dilini necə sevdirə bilərəm? Onun Azərbaycan dilinə, öz kökünə, vətəninə bağlı kimliyinin formalaşmasına necə dəstək ola bilərəm? “Bülbül” kitabını ilk növbədə valideynlərə köməkçi olacaq bir kitabça kimi düşündüm. Bu, uşağın Azərbaycanla ilk tanışlığını təmin edən bir vəsait olmalı idi. Məhz bunu nəzərə alaraq düşündüm ki, “Bülbül” digər kitablardan fərqlənməlidir. Bu uşaqlar İngiltərədə, məsələn, həmin ölkənin kitabları və mədəniyyəti ilə böyüyürlər. Ona görə də onların maraq dairəsinə uyğun, maksimum keyfiyyətli və rəngarəng bir məhsul ortaya çıxmalı idi. Kitabda yalnız dil və hərflərlə kifayətlənmədim. Azərbaycanın regionlarını, coğrafiyasını, tarixini, milli adətlərini və mədəniyyətini də əhatə etməyə çalışdım. Əlimdən gələn hər şeyi, hətta ən xırda detalları belə maksimum şəkildə işləyərək kitaba daxil etdim. Ən çətin məqam da məhz bu idi. Qarşımda bir neçə mədəniyyəti özündə birləşdirən uşaqlar var idi və kitabı hazırlayarkən bunu nəzərə almalı idim.
-Uşaqların Azərbaycana və milli mədəniyyətə marağını artırmaq üçün hansı üsullar daha effektivdir? Bu istiqamətdə konkret nümunələrlə qarşılaşmısınızmı?
-Uşaqların kitabda ən çox sevdiyi detallardan biri milli geyimlərimizdir. Bundan əlavə, Azərbaycan mətbəxi də onların böyük marağına səbəb olur. Məsələn, kitabda kükü yeməyimizi təsvir etmişik. Bir dəfə uşaq həmin illüstrasiyada kükünü görüb və həmin gün anası ona səhər yeməyinə kükü hazırlayıbmış. Uşaq kitabdakı yeməyi görüb anasına deyib: “Ana, mən bunu kitabda görmüşəm”. Beləliklə, uşağın kükü ilə tanışlığı həm kitabda, həm də evdə üst-üstə düşüb və onda əlavə maraq yaranıb. Başqa bir hadisə də olmuşdu. Kitabda illüstratorla birlikdə Səadət Sarayını canlandırmışıq. Bir uşaq Azərbaycana gələndə valideyni mənə danışdı ki, “Bülbül” kitabını əllərində tutaraq Bakı şəhərində ekskursiyaya çıxıblar. Uşaq şəhərdə gördükləri binaları kitabda axtarıb tapırmış. Məsələn, Qız qalasını kitabda fərqli üslubda təqdim etmişik. Orada Cırtdan Qız qalasına gəlir və bir qızı xilas etməyə çalışır. Uşaq real həyatda Qız qalasını görəndə onu kitabdakı təsvirlə əlaqələndirib. Səadət Sarayını da kitabda görmüşdü. Beləliklə, kitab uşaqlar üçün kiçik bir ekskursiya vəsaitinə çevrilmişdi.
-Valideynlərin bu prosesdə rolu nə dərəcədədir? Siz onların dəstəyindən razısınızmı və onlardan nələri etmələrini istərdiniz?
-Ümumilikdə, söhbət ana dilindən və vətənə aid istənilən mövzudan gedirsə, valideynlərin rolunu yüz faiz hesab edirəm. Çünki mən də valideynəm və xaricdə iki övlad böyüdürəm. Mən həmişə deyirəm ki, xaricdə yaşayan uşaqlarımızın Azərbaycana açılan pəncərəsi valideynləridir. Biz həmin pəncərəni istəsək bağlı saxlaya bilərik, istəsək yarımçıq aça bilərik, istəsək də tamamilə aça bilərik. Valideynlərin rolu bu işdə mütləqdir. Nə yaxşı ki, mən bu yolda çox gözəl insanlarla, vətən sevgisi ilə yaşayan və öz uşaqlarına Azərbaycanla bağlı mümkün qədər çox şey öyrətmək istəyən valideynlərlə rastlaşıram. Mənim ən böyük köməkçilərim məhz valideynlərdir. Həmişə deyirəm ki, Azərbaycan dili evdə mütləq şəkildə işlənməlidir. Uşaqlarla evdə ana dilində ünsiyyət qurulmalıdır. Bundan əlavə, uşaqlara milli mətbəximizi də öyrətmək lazımdır. Evdə Azərbaycan yeməkləri bişirilməli, Azərbaycan telekanallarına, heç olmasa, müəyyən qədər baxılmalıdır. Uşaq bizim mədəniyyətimizi, mahnılarımızı və filmlərimizi görməlidir. Nə yaxşı ki, valideynlər bu işdə mənə dəstək olurlar.
-Azərbaycan dili ilə bağlı valideynlər sizə daha çox hansı suallarla müraciət edirlər?
-Ən çox verilən suallardan biri budur: “Mən uşağımla azərbaycanca danışıram, amma uşaq mənə ingiliscə və ya rusca cavab verir. Nə etməliyəm?” Mən həmişə deyirəm ki, müəyyən yaşa qədər uşağın hansı dildə cavab verməsi əsas məsələ deyil. Siz onunla Azərbaycan dilində danışmağa davam edin. Ona Azərbaycan dilində suallar verdikcə uşaq həmin dili daha çox qavrayacaq və bir müddət sonra özünüz şahidi olacaqsınız ki, uşaq sizə Azərbaycan dilində cavab verməyə başlayır. Məsələn, mənim uşaqlarım da bir müddət elə bilirdilər ki, mən ingilis dilini bilmirəm. Mənə ingiliscə sual verəndə bəzən cavab vermirdim. Onların üzünə baxıb elə davranırdım ki, guya başa düşməmişəm və deyirdim: “Bir də soruşa bilərsiniz?” Onlar elə düşünürdülər ki, anamız ingilis dilini bilmir. Daha sonra başa düşdülər ki, əslində mən onları başa düşürəm, sadəcə cavabımı Azərbaycan dilində verirəm. Bir müddət sonra uşaqlar artıq mənə ingiliscə sual vermədilər və Azərbaycan dilində danışmağa başladılar.
-Xaricdə yaşayan azərbaycanlı uşaqlarda ikili kimlik məsələsi də var. Onlar yaşadıqları ölkənin dilində və mühitində böyüyürlər, eyni zamanda öz milli kimliklərini də qoruyurlar. Bu iki kimliyi bir-birinə zidd qoymadan necə tənzimləmək olar?
-Mən həmişə demişəm ki, uşaqları doğulduqları yerdən və yaşadıqları mədəniyyətdən ayırmaq düzgün deyil. Heç bir valideyn bunu uşağına etməməlidir. Çünki uşaq böyük travma yaşaya və nəticədə özünü heç bir yerdə tam olaraq özününkü kimi hiss etməyə bilər. Uşaq dünyaya gələndən azərbaycanlı olduğunu bilir. Bizim əsas məqsədimiz ona belə bir düşüncə aşılamaqdır: “Sən azərbaycanlısan, sənin vətənin Azərbaycandır, evin isə İngiltərədir”. Uşaq İngiltərədə yaşayırsa, orada özünü yad hiss etməməlidir. Bilməlidir ki, bu, onun evidir və burada rahat yaşamalıdır. Eyni zamanda Azərbaycana gedəndə də özünü rahat hiss etməlidir, çünki Azərbaycan onun vətəni və köklərinin gəldiyi yerdir. Uşaqlara bunu bu şəkildə izah etdikdə onlar materialı daha rahat qavrayırlar. Mən öz uşaqlarıma deyirəm ki, siz həm azərbaycanlısınız, həm də İngiltərədə doğulub böyümüsünüz. Sizin iki ölkəniz var: biri vətəninizdir, digəri evinizdir. Onlara həm də izah edirəm ki, iki dildə danışa bilmələri böyük üstünlükdür. Məsələn, qızımın sinif yoldaşları onun iki dil bilməsinə çox təəccüblənirlər. Onlar deyirlər: “Sən necə olur ki, iki dil bilirsən? İngilis dilində danışırsan, amma ananla öz aranızda başqa dildə danışırsınız. Biz isə yalnız bir dil bilirik”. Bu, uşaqlar üçün çox maraqlı olur. Mən də həmişə övladlarıma deyirəm ki, bununla fəxr etməlisiniz. Bu, sizin üstünlüyünüzdür.
-Tariximizi və milli dəyərlərimizi xaricdə böyüyən uşaqlara aşılayarkən daha çox nəyə diqqət yetirirsiniz?
-Qızımın dörd yaşı var idi, Qarabağ müharibəsi başlayanda. Biz həmin günləri çox ağrılı və çətin keçirdik. Dörd yaşlı uşağa baş verənləri necə izah edəcəyimi bilmirdim. O, valideynlərinin hər gün televizorda xəbərlərə baxmasını, kövrəlməsini, ağlamasını və sevinməsini başa düşmürdü. Amma yaşının az olmasına baxmayaraq, ona yavaş-yavaş izah etməyə çalışdım. Dedim ki, bunlar bizim əsgərlərimizdir, onlar öz torpaqlarımız üçün mübarizə aparırlar və biz torpaqlarımıza qayıdırıq. Məncə, uşaqlara tariximizi travma yaratmadan, çox incə şəkildə öyrətmək lazımdır. Çünki tarixini bilməyən bir millət inkişafdan geri qalar. Uşaqlar bizim yeni nəslimiz, gələcəyimizdir. Ona görə də onlara tariximizi mütləq şəkildə öyrətməliyik.
-Sizin uşaqlarla ünsiyyətinizdə ən çox hansı mövzular onların marağına səbəb olur?
-Ən çox maraq doğuran məqamlardan biri onların Azərbaycan mədəniyyətinin bu qədər zəngin olduğunu bilməmələridir. Yaşları az olduğu üçün çox şeyi hələ öyrənə bilməyiblər. Bəziləri hətta Azərbaycana heç gəlməyiblər. Mən kitabda Azərbaycanın bir çox şəhərlərinin adlarını qeyd etmişəm. Həmin şəhərlərdəki məşhur şəlalələrdən, Qarabağdakı Cıdır düzündən və digər məkanlardan bəhs etmişəm. Çalışmışam ki, xırda detallara qədər hər şeyi göstərim. Uşaqlar bilməlidirlər ki, Azərbaycan yalnız Bakıdan ibarət deyil, Azərbaycan mətbəxi də yalnız plovdan ibarət deyil. Məsələn, Qarabağ atları haqqında da məlumat vermişəm. Uşaqlar öyrənirlər ki, Qarabağ atları dünyada məşhurdur və hətta İngiltərədə kral ailəsi qarşısında nümayiş etdirilib. Uşaqların Azərbaycan haqqında məlumatları çox vaxt yalnız Qız qalası və Bakı ilə məhdudlaşır. “Bülbül” kitabında isə onların qarşısına daha geniş Azərbaycan çıxır: zəngin mətbəximiz, milli geyimlərimiz, coğrafiyamız, təbiətimiz, şəhərlərimiz və Qarabağ atları. Bunlar onların böyük marağına səbəb olur.
-Bəs Azərbaycan müasir uşaq ədəbiyyatını onlara təqdim edə bilirsinizmi? Ümumiyyətlə, bu sahədə vəziyyət sizi qane edirmi?
-Uşaq ədəbiyyatı deyəndə “Bülbül” kitabında, məsələn, Koroğlu haqqında da məlumat vermişəm. Beləliklə, uşaqlar istər-istəməz Koroğunu tanıyırlar. Mənim ən kiçik oxucum səkkiz aylıq körpə olub. Anası kitabı ona sadəcə rəngli kitab kimi almışdı ki, vərəqləsin, şəkillərə baxsın və yavaş-yavaş sözləri öyrənsin. Mən maksimum dərəcədə uşaqlara Azərbaycanla bağlı hər şeyi öyrətməyə çalışıram. Azərbaycan məktəbində müəllim kimi fəaliyyət göstərdiyim dövrdə də xarici tələbələrim olub və onlara Azərbaycan ədəbiyyatını təqdim etmişəm. Abdulla Şaiqin şeirlərindən bəhs etmişik. Mənim ən çox sevdiyim şairlərdən biri olan Səməd Vurğun haqqında danışmışıq və onun şeirlərini ətraflı müzakirə etmişik. Bu da uşaqlar üçün çox maraqlı olub.
-“Bülbül” layihəsi çərçivəsində sizi ən çox təəccübləndirən və yaddaşınızda qalan hansı reaksiya olub? Bu, uşaq və ya valideynlə bağlı xüsusi bir hadisə ola bilər.
-Mənim yaddaşımda ən çox qalan hadisələrdən biri körpə uşağın anasının yanıma gəlib onun üçün kitab istəməsi oldu. Mən elə bildim ki, həmin xanımın başqa bir övladı var və kitabı onun üçün alır. Kitabı aldıqdan sonra isə öz körpəsinə təqdim etdi və dedi: “Bu kitab sənindir”. Mən ona bildirdim ki, kitab uşağın yaşına uyğun olmaya bilər, çünki içərisində yazı tapşırıqları da var. Anası isə dedi: “Mən istəyirəm ki, uşaq bu kitabı açanda Azərbaycanın bayrağını görsün, illüstrasiyalarla tanış olsun və ilk sözlərini ana dilində desin”. Həmin uşağın nənəsi və atası ingilis idi. Atasının anası da yaxınlaşıb kitabı çox sevərək vərəqlədi və dedi: “Mən Azərbaycan dilini bilmirəm, amma çalışacağam ki, nəvəmə bu kitab vasitəsilə Azərbaycan sözlərini öyrədim”. Bu hadisə heç vaxt yadımdan çıxmayacaq. Bir də sizə danışdığım ana-bala hadisəsi var. Onların Bakıda gəzişərkən kitabdakı binaları axtarmaları mənim üçün çox gözəl nümunədir. Bundan gözəl nə ola bilər? Kitabda öyrəndiyini real həyatda görürsən.
-Kitabı ailələrə təqdim etdikdən sonra uşaqlarda hansı dəyişiklikləri müşahidə edirsiniz? Valideynlərdən bu barədə reaksiyalar alırsınızmı?
-Kitabı hazırlayarkən nəzərə almışdım ki, onu əlinə alan uşağın Azərbaycan dili bilikləri çox zəif ola bilər. Buna görə də kitabın ilk səhifələri çox asandır. Hətta deyərdim ki, uşaq valideynin köməyi olmadan kitabı vərəqləyib tapşırıqları yerinə yetirə bilər. Səhifələr irəlilədikcə kitab çətinləşir və tapşırıqlar da mürəkkəbləşir. Uşaq ilk səhifələrdə işə başladığı halda, kitabın sonuna yaxın tapşırıqları artıq özü yerinə yetirə bilir. Kitabın əvvəlində uşağa heç bir söz yazdırmıram. İlk olaraq “A” hərfi ilə tanış olur. Daha sonra “N” hərfini öyrənir və artıq “ana” sözünü oxuya bilir. Ardınca “T” hərfi gəlir və “ata” sözünü oxuyur. Hərfləri elə ardıcıllıqla düzmüşəm ki, uşaq öyrəndiyi hərflərdən sözlər qurub həm yaza, həm də oxuya bilsin. Düşünürdüm ki, bu metod uşaqlarda daha yaxşı nəticə verəcək. Çox şükür ki, yanılmamışam. Uşaqlar üç-dörd hərfdən sonra Azərbaycan dilində kiçik sözləri özləri yazıb oxumağa başlayırlar. Kitabın sonuna yaxınlaşanda artıq uşağın inkişafını və nəticəsini görmək mümkündür. Valideynlər də bunu mənə deyirlər. Bəzən uşaqların şəkillərini mənə göndərirlər. Hətta elə uşaqlar var ki, yatanda belə kitabı yanlarına aparır, vərəqləyirlər. Mən bu kitabı sadəcə bir kitab kimi qiymətləndirə bilmirəm. Bu, onların Azərbaycanla bağlı kiçik bir sərvətidir. Uşaq həmin kitabı yanında saxlayanda, vərəqləyəndə özünü Azərbaycanda olduğu kimi hiss edir. Düşünürəm ki, kitabın bu qədər sevilməsinin səbəblərindən biri də budur.
-“Bülbül”ü sadəcə kitab kimi deyil, daha geniş mədəniyyət layihəsinə çevirmək barədə düşünürsünüzmü? Gələcəkdə bunun daha böyük platformaya çevrilməsi mümkündürmü?
-Mən bu yola çıxanda Diasporla İş üzrə Dövlət Komitəsi mənə çox böyük dəstək göstərdi. Fuad Muradov başda olmaqla, İngiltərə-Amerika Departamentinin rəhbəri Qənirə xanım və Avropa Departamentinin rəhbəri Leyla xanım bu işdə mənə həmişə dəstək olublar. Onların Azərbaycan dilinin təbliğində fəal iştirak etdiklərini görmüşəm. Bu yaxınlarda Fuad Muradovla İngiltərəyə səfəri zamanı görüşmüşdük. O da bu layihənin nə qədər gözəl olduğunu və Azərbaycan dilinin təbliğinə böyük töhfə verdiyini vurğuladı. Qeyd etdi ki, daha çox azərbaycanlı uşağın ana dilində danışması üçün bu işdə əllərindən gələn dəstəyi göstərməyə hazırdırlar. Mənim üçün ən böyük layihə “Bülbül” kitabının müxtəlif şəhərlərdə və ölkələrdə təqdimatlarının keçirilməsidir. Bu yaxınlarda Komitənin dəstəyi ilə Fransanın Paris şəhərində böyük təqdimat keçirildi. Bundan əvvəl Praqada, Helsinkidə və digər şəhərlərdə təqdimatlar olub. Həmçinin Fransanın Nant şəhərində də Diasporun dəstəyi ilə təqdimat keçirilib.
Nigar Xəlilli
10:00 18.08.2026
Oxunuş sayı: 56