CROSSMEDIA - Analitik İnformasiya Portalı

Bütün xəbərlər

19:05 18.10.2026

İsrailli məskunlaşanlar diplomatlara hücum etdi: Fransa meri zorakılığa məruz qaldı

14

İordan çayının qərb sahilində israilli məskunlaşanların beynəlxalq nümayəndə heyətinə hücumu diplomatik qalmaqala səbəb olub. Hadisə zamanı Fransanın şəhər merlərindən biri zorakılığa məruz qalıb, nümayəndə heyətinin avtomobilinə ziyan dəyib. Crossmedia.az xəbər verir ki, bu barədə Belçikanın VRT NWS telekanalı məlumat yayıb. Belçikanın Qüdsdəki baş konsulu Anik Van Kalster bildirib ki, hadisə İordan çayının işğal altındakı qərb sahilində yerləşən Taybeh kəndində baş verib. Onun sözlərinə görə, Belçika, Fransa və Polşa diplomatlarından ibarət nümayəndə heyəti fələstinli fermerlərə zeytun yığımında dəstək göstərmək və mümkün zorakılıq hallarının qarşısını almaq məqsədilə əraziyə səfər edib. Nümayəndə heyətinin tərkibində Fransanın Olno-Emeri şəhərinin meri Bernar Bodu, Kambre arxiyepiskopu və yerli din xadimi də olub. Van Kalsterin sözlərinə görə, israilli məskunlaşanların yaxınlaşdığı barədə məlumat aldıqdan sonra nümayəndə heyəti avtomobillərinə doğru hərəkət edib. Bu zaman üzləri maskalı, taxta və metal dəyənəklərlə silahlanmış şəxslər əraziyə daxil olublar. Belçikalı diplomatın olduğu avtomobil hadisə yerindən uzaqlaşa bilsə də, Fransa meri Bernar Bodu digər avtomobilə minməzdən əvvəl hücuma məruz qalaraq yerə yıxılıb. Hücum edən şəxslər daha sonra hərəkətdə olan avtomobilə daş ataraq onun arxa şüşəsini sındırıblar. “Diplomatlara hücum yeni eskalasiya mərhələsidir. Zorakılıq həqiqətən görünməmiş səviyyəyə çatıb”, – deyə Van Kalster bildirib. Baş konsul qeyd edib ki, hücum təhlükəsi fələstinli fermerlərin öz torpaqlarına çıxışını məhdudlaşdırır və onların dolanışıq imkanlarına ciddi təsir göstərir. VRT NWS telekanalının “Haaretz” qəzetinə istinadən yaydığı məlumata görə, İsrail hərbçiləri hücum edən şəxslərin yeri və hadisənin videogörüntüləri barədə dəfələrlə xəbərdar edilsələr də, müdaxilə etməyiblər. İsrail ordusu hadisə ilə bağlı araşdırmaya başladığını açıqlayıb. Hərbi qurum müraciət edilən qaynar xəttin mülki şəxslər üçün nəzərdə tutulmadığını və səfərin əvvəlcədən razılaşdırılmalı olduğunu bildirib. Belçikalı diplomat isə Oslo razılaşmalarına əsasən, belə səfərlər üçün əvvəlcədən razılıq alınmasının tələb edilmədiyini vurğulayıb. Belçikanın xarici işlər naziri Maksim Prevo zorakılıqda iştirak edən şəxslərə və onların dəstəkçilərinə qarşı Avropa İttifaqı səviyyəsində sanksiyaların tətbiqinə çalışacaqlarını bildirib. Avropa İttifaqı da hücumu pisləyərək günahkarların məsuliyyətə cəlb olunmasına və fələstinlilərə, eləcə də jurnalistlərə qarşı zorakılığın qarşısının alınmasına çağırıb.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR