ABŞ-dən Çinə uçan yük təyyarəsi təcili eniş edib
ABŞ-nin “Atlas Air” aviaşirkətinə məxsus Boeing 747 yük təyyarəsi havada fövqəladə vəziyyət siqnalı verərək Alyaskadakı uçuş hava limanına geri qayıdıb.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə uçuş məlumatlarına istinadən məlumat yayıb. Məlumatlar “FlightAware” monitorinq xidmətinin göstəriciləri ilə də təsdiqlənir.
Alyaskanın Ankoric şəhərindən Çinin Şençjen şəhərinə uçan 5Y8701 nömrəli reys müntəzəm, dayanmadan həyata keçirilən yük marşrutudur. N852GT qeydiyyat nömrəli və 37571 seriya nömrəli təyyarə Tedd Stivens adına hava limanından havaya qalxıb.
Moskva vaxtı ilə saat 06:35 radələrində ekipaj transponderdə 7700 kodunu aktivləşdirib. Bu kod təyyarədə ümumi fövqəladə vəziyyət yarandığını bildirir. Bununla belə, həmin siqnalın verilməsi mütləq şəkildə qəza təhlükəsinin olduğu anlamına gəlmir.
Saat 06:59-da təyyarə Ankoric hava limanına enib. Uçuşun dayandırılmasına səbəb olan vəziyyət barədə ətraflı məlumat verilməyib.
“Atlas Air” ABŞ-də yerləşən, yük və çarter sərnişin daşımaları həyata keçirən aviaşirkətdir. Şirkət 123 ölkənin 426 şəhərinə müntəzəm yük daşımaları həyata keçirir. Onun əsas hava limanları arasında Mayami, Nyu-York, Los-Anceles, Ankoric və Londonun Stansted hava limanı yer alır.
13:38 18.10.2026
Oxunuş sayı: 56