Rusiya tank və zirehli texnika ehtiyatlarını artırır
Rusiya uzunmüddətli saxlama bazalarına yeni tanklar və modernləşdirilmiş zirehli texnika yerləşdirir. Bu, peyk görüntülərinin təhlili əsasında müəyyən edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Radio Svoboda” məlumat yayıb.
Məlumata görə, Baltikyanı ölkələrdən təxminən 500 kilometr məsafədə yerləşən Kostromadakı 22-ci Mərkəzi Tank Ehtiyatı Bazasında 57-yə yaxın yeni T-90M tankı, eləcə də BTR-82A zirehli transportyorları və BMP-3M piyada döyüş maşınları aşkarlanıb.
Altay diyarındakı bazalardan birində isə bir neçə yüz modernləşdirilmiş tank və piyada döyüş maşınının olduğu bildirilib. Digər bazalarda da yeni artilleriya sistemləri qeydə alınıb.
Analitiklərin qiymətləndirməsinə görə, Rusiya ildə 200–290 ədəd T-90M tankı istehsal edir. Müşahidə olunan dinamika bu tankların istehsalının cəbhədəki itkiləri üstələyə biləcəyini göstərir. Bunun mümkün səbəblərindən biri pilotsuz uçuş aparatlarının geniş istifadəsi nəticəsində tankların kütləvi şəkildə tətbiq olunduğu hücumların azalmasıdır.
15:38 18.10.2026
Oxunuş sayı: 72