Azərbaycana üzlə ödəniş texnologiyası gəlir - təhlükə qapıdadır
Azərbaycanda üz tanıma texnologiyasından istifadə etməklə ödəniş sisteminin tətbiqi gündəmə gəlir. Yeni texnologiya ödəniş prosesini daha sürətli və rahat edə bilər. Lakin bu zaman şəxsi məlumatların və biometrik informasiyanın təhlükəsizliyi ilə bağlı suallar da ortaya çıxır.
IT mütəxəssisi Vüsal Məmmədzadə Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda üz tanıma ilə ödəniş sisteminin tətbiqi ödənişləri xeyli sürətləndirə bilər. Onun sözlərinə görə, istifadəçinin kart çıxarmasına, telefonunu terminala yaxınlaşdırmasına, hətta bəzi hallarda PIN daxil etməsinə ehtiyac qalmır: “Azərbaycanda üz tanıma ilə ödəniş sisteminin tətbiqi ödənişləri xeyli sürətləndirə bilər. İstifadəçinin kart çıxarmasına, telefonunu terminala yaxınlaşdırmasına, hətta bəzi hallarda PIN daxil etməsinə ehtiyac qalmır. Kamera üzü tanıyır və həmin şəxsin hesabı ilə əlaqələndirilmiş ödəniş həyata keçirilir. Amma burada əsas məsələ biometrik məlumatların təhlükəsizliyidir. Azərbaycan qanunvericiliyinə görə, insanın üz təsviri biometrik məlumat hesab olunur və belə məlumatların toplanması, saxlanması və istifadəsi xüsusi qaydalarla qorunmalıdır. Təhlükəsiz sistemdə insanların adi fotolarının böyük bir bazada saxlanması düzgün yanaşma deyil. Üzün müəyyən xüsusiyyətləri xüsusi alqoritmlə rəqəmsal biometrik şablona çevrilə və həmin məlumat şifrələnmiş formada saxlanıla bilər. Ödəniş zamanı kamera yeni görüntünü bazadakı şablonla müqayisə edir. Bu xüsusilə vacibdir. Çünki bank kartı oğurlanarsa, onu dəyişmək, parol oğurlanarsa, yenisini yaratmaq mümkündür. İnsan isə üzünü dəyişə bilməz. Buna görə biometrik məlumatların qorunması adi paroldan daha ciddi yanaşma tələb edir”.

V.Məmmədzadə qeys edib ki, digər risk sistemin foto, video, maska və ya deepfake ilə aldadılmasıdır: “Bunun qarşısını almaq üçün müasir üz tanıma sistemlərində “liveness detection”, yəni qarşıdakı şəxsin real və canlı insan olduğunu müəyyənləşdirən texnologiyalardan istifadə edilir. Sistem üzün dərinliyini, hərəkətləri və digər göstəriciləri analiz edə bilər. Digər vacib məsələ ödənişi yalnız üz tanımaya bağlamamaqdır. Məsələn, kiçik məbləğlər üzlə ödənilə bilər, böyük və şübhəli əməliyyatlarda isə bank tətbiqindən təsdiq, PIN və ya başqa əlavə təhlükəsizlik mərhələsi tələb oluna bilər. Biometrik məlumatların mağazaların və digər obyektlərin öz bazalarında saxlanması da məqsədəuyğun deyil. Daha təhlükəsiz variant məlumatların qorunan mərkəzi sistemdə saxlanması, mağazaya isə yalnız ödənişi həyata keçirmək üçün lazım olan birdəfəlik rəqəmsal tokenin göndərilməsidir. Nəticədə üzlə ödəniş özü-özlüyündə təhlükəli texnologiya deyil. Biometrik məlumatlar şifrələnsə, üz fotoları əvəzinə qorunan rəqəmsal şablonlardan istifadə edilsə, canlılıq yoxlaması tətbiq olunsa və böyük ödənişlər əlavə təsdiq tələb etsə, riskləri ciddi şəkildə azaltmaq mümkündür. Qısaca, üzlə ödəniş kartdan daha rahatdırsa, onun təhlükəsizlik standartları da kartdan daha yüksək olmalıdır”.
Zərnigar Hüseynli
14:30 14.08.2026
Oxunuş sayı: 38