AYNA-dan sürücü-sərnişin mübahisəsinə son qoyacaq layihə
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi”nin (AYNA) informasiya sistemlərinin təkmilləşdirilməsi üçün 13,8 milyon manatlıq tender elan etməsi diqqət çəkib. Müasir dövrdə nəqliyyat sahəsində rəqəmsallaşmanın genişləndirilməsi həm sərnişinlər, həm də daşıyıcılar üçün müxtəlif imkanlar yaradır. Xüsusilə avtobusların hərəkətinin real vaxt rejimində izlənilməsi, taksi fəaliyyəti ilə bağlı müraciət və şikayətlərin elektron şəkildə idarə olunması və daşıyıcıların fəaliyyətinə nəzarətin gücləndirilməsi bu sistemlərin əhəmiyyətini artırır.
Bununla yanaşı, belə böyük həcmli vəsaitin informasiya sistemlərinin təkmilləşdirilməsinə yönəldilməsi həmin xərclərin nə dərəcədə əsaslandırılmış olması məsələsini də gündəmə gətirir. Ekspertlər hesab edirlər ki, rəqəmsal sistemlərin qurulması yalnız elektron xidmətlərin sayının artırılması deyil, həm də nəqliyyat sahəsində şəffaflığın və nəzarətin gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Bəs AYNA-nın informasiya sistemlərinin təkmilləşdirilməsinə ayrılan vəsait hansı imkanları yaradacaq və bu sistemlər nəqliyyat sahəsində problemlərin həllinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, AYNA-nın informasiya sistemlərinin təkmilləşdirilməsi müasir texnologiyaların tətbiqi və vətəndaşlara daha rahat xidmət göstərilməsi baxımından zəruridir: “Təbii ki, AYNA süni intellektlə, müasir texnologiyalarla öz işini qurub təkmilləşdirməyə çalışır və bunun üçün informasiya sistemlərinin təkmilləşdirilməsinə ciddi şəkildə ehtiyac var. Məsələn taksi xidməti, avtobuslar, daşıyıcılar, yükdaşıma sahəsində müxtəlif elektron sənədlər verilir. Əvvəllər həmin sənədləri vətəndaşlar əllə gəlib almalı və yaxud rəsmi şəkildə gəlib ərizə yazmalı idilər. Bax, bu cür problemlərin həlli üçün AYNA mükəmməl bir sistem qurur. Bu sistemin də daim təkmilləşdirilməsinə və təhlükəsizliyinin qorunmasına ehtiyac var.
İndi vətəndaş deyir ki, mən evdən çıxanda təxmini bilməliyəm ki, avtobus hazırda haradadır, mənim gələcəyim dayanacağa saat neçədə çatacaq, məni ünvana nə vaxt çatdıracaq. Vətəndaş bu cür rahatlıq istəyirsə, AYNA da buna uyğun sistem qurmalıdır. Bu sistemin qurulması üçün müəyyən vəsait xərclənməlidir.
AYNA isə elə bir sistem qurur ki, dünya səviyyəsində, müxtəlif dillərdə, müxtəlif data formalaşdırmaqla bunu qurur ki, bütün ölkə ictimaiyyəti bundan istifadə edə bilsin – sürücülər, vətəndaşlar”.
Ekspert qeyd edib ki, ona görə bu sistem qurulmalıdır, onun təkmilləşdirilməsinə də ciddi şəkildə ehtiyac var: “Bu vəsait çox böyük, gözəçarpan, dəhşətli bir rəqəm deyil. Orada görülən işlərə baxdığımızda görürük ki, bu vəsait həmin işləri görmək üçün normaldır. Sərnişinlər üçün rahatlıq təmin olunur, yükdaşıyanlar üçün, sərnişindaşıma fəaliyyəti göstərənlər üçün, eyni zamanda taksi fəaliyyəti üçün müxtəlif xidmətlər təşkil olunur.
İndi vətəndaş deyir ki, mən taksi sürücüsündən şikayət edirəm, o, bazada imtina verib. Sonra da deyirik ki, bu imtinanı verdiyini sübut edən detal lazımdır. Təbii ki, şirkət öz datasını gizlədə bilər. Amma AYNA bu sistemi görəndə həmin sürücünü vətəndaşın şikayəti əsasında cəzalandırmaq mümkündür.
Ona görə bu sistem qurulmalıdır. Bu sistem olmasa, AYNA nə bilsin ki, hansı sürücü hansı sərnişinə imtina verib, aldadıb, yarım saat gözlətdirib, gəlməyib və yaxud hansı avtobus yarım saatdır eyni yerdə dayanıb, tərpənmir? Bax, bu şeylərə nəzarət olunmalıdır. Nəzarət olunması üçün də bu sistem təkmilləşməlidir”.
Zeynəb Həsən
20:00 12.08.2026
Oxunuş sayı: 44