Türkiyə terroru bitirdi
Türkiyə uzun illərdir mübarizə apardığı terror probleminin həlli istiqamətində yeni mərhələyə qədəm qoyur. Türkiyə Böyük Millət Məclisinin “Türkiyə terrorizmsiz” prosesi çərçivəsində “Milli birliyin və sosial inteqrasiyanın gücləndirilməsi haqqında” qanun layihəsini qəbul etməsi Ankara üçün həm təhlükəsizlik, həm də siyasi baxımdan mühüm addım kimi qiymətləndirilir. Sənəd parlamentdə 468 səslə qəbul edilib.
Bu qərar terrorla mübarizənin yalnız hərbi və təhlükəsizlik tədbirləri ilə deyil, siyasi və sosial inteqrasiya yolu ilə də davam etdiriləcəyini göstərir. İndi isə əsas sual budur: Türkiyə həqiqətən terrorun olmadığı yeni bir dövrə qədəm qoyurmu? Bu proses ölkənin daxili birliyini və təhlükəsizliyini necə dəyişəcək?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Natiq Miri qeyd edib ki, bu faktor Türkiyədə ciddi bir dövlət ağlı və dövlət iradəsinin mövcud olduğunu və terroru bitirmək, bu qanı birdəfəlik dayandırmaq üçün cəmiyyətdə konkret olaraq konsensusa gedildiyini göstərdi: “Çünki bu qarşıdurmadan bəhrələnən, yararlanan dövlətlər var idi ki, təəssüf ki, bunların əksəriyyəti Türkiyə ilə birlikdə NATO-da, “strateji müttəfiq” sayılırlar. On illər ərzində bu ölkələr PKK terrorunu bəsləməklə bu hadisədən Türkiyəyə təzyiq mexanizmi kimi istifadə etdilər. Ancaq bu gün gəlinən mərhələ artıq terrorun toplumsal şəkildə bitirilməsi və cəmiyyətdə bir anlaşma prosesinin başlaması, ortaq təsəvvürün yaranması üçün bir qapı açıb. Və düşünürəm ki, bundan bütün toplum, bütün etnoslar qazanacaq. Çünki bu, vahid Türkiyə konsepsiyası kontekstində baş verir”.
N.Miri qeyd edib ki, hər hansı separatçı fikirlərin, qayələrin Türkiyədə yenidən mövcud olmasına heç bir pəncərə açmır: “Artıq bu məsələ parlamentdə qəbul edildiyi üçün və bütün siyasi qüvvələrin parlamentdə bu məsələyə səs verməsi göstərdi ki, həqiqətən də Türkiyədə cəmiyyətin birliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən alternativ fikirlər mövcud deyil. Doğrudur, hələ də bəzi uğursuz və çatlaq səslər səsləndirildi. Ancaq əksəriyyət Türkiyənin gələcəyinə məhz bu prizmadan baxa bildiyi üçün bu qərar qəbul oluna bildi. Düşünürəm ki, artıq bundan sonra Türkiyədə hər hansı bir terror fəaliyyətinə ehtiyac qalmayacaq. Çünki terroru yaradan bu qayənin başbilənləri bu işin içərisində olduğu üçün, ayrıca bu terrorda iştirak edən bütün şəxslər üçün müəyyən mənada bir növ bağışlanma kimi hüquqi vəziyyət yaradıldığı üçün, hətta əli türk qanuna batmış şəxslər üçün uzunmüddətli bir möhlət tanındığı üçün artıq terrorun bitirilməsi üçün, bu yöndə hər hansı bir addımın atılmaması üçün hər hansı bir bəhanə, fikir qalmadı. Ayrıca, terrorun silahlı mübarizə üsulu da bu gün Türkiyədə o qədər də keçərli və effektiv deyil. Çünki terror, terror ünsürləri çox pis vəziyyətdə, küncə sıxışdırılmış vəziyyətdədirlər. Başlarını çölə çıxara bilməyəcək səviyyədə küncə sıxışdırılmış vəziyyətdədirlər. Ona görə silahlı mübarizənin heç bir perspektivinin olmadığı ciddi mənada ortadadır. Ona görə də bu, Türkiyə dövləti adına çox böyük uğur sayıla bilər. Çünki dövlətdə, cəmiyyətdə sabitlik çox önəmlidir. Bu, Türkiyənin gələcəkdə birliyi və gücü deməkdir. Türkiyənin maliyyəsini, enerjisini ölkədaxili sosial və iqtisadi yollara, inkişafa sərf etməkdənsə, terrora qarşı mübarizəyə sərf etməsi məsələsinə nöqtə qoyulur, son qoyulur. Bu da Türkiyə dövləti üçün yeni imkanlar açır. Eyni zamanda, Türkiyə bu günə qədər on illər boyu təzyiq mexanizmləri ilə terror bosslarının əlindən alınırdı. Hə, bu bossların böyük əksəriyyəti Qərb ölkələrindədir. Ona görə də Türkiyə dövlətini, dövlət ağlını, dövlət iradəsini, Türkiyə cəmiyyətini bu yöndə təbrik etmək olar. Bəlkə də XXI əsrdə ən mühüm, tarixi, həyati və strateji qərarlardan birini Türkiyə cəmiyyəti, Türkiyə dövləti və Türkiyə parlamenti verə bildi”.
Ayhan
14:30 11.08.2026
Oxunuş sayı: 74