Birlik sədrindən sensasiyalı açıqlama: Üç adam bir anın içində zəhərlənib
Zəhərlənmə halları müxtəlif səbəblərdən baş verir və hər il yüzlərlə vətəndaşın sağlamlığına təhlükə yaradır. Bu, Azərbaycan üçün də istisna deyil. Ən çox qeydə alınan zəhərlənmə növlərindən biri dəm qazından (dəm qazı zəhərlənməsi) və keyfiyyətsiz qida məhsullarından qaynaqlanır. Payız və qış mövsümlərində qızdırıcı cihazlardan düzgün istifadə edilməməsi dəm qazı hallarmın artmasına şərait yaradır. Yay aylarında isə xüsusilə teztələf olan qidaların, tərəvəz və meyvələrin saxlanma şəraitinin pozulması kütləvi qida zəhərlənmələrinə gətirib çıxarır. Bundan əlavə, məişətdə istifadə olunan kimyəvi dərmanların və reseptsiz həblərin ehtiyatsız qəbulu da ciddi fəsadlar törədir.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Crossmedia.az-a açıqlama verib:

"Çox təəssüf ki, bütün dünya hələ də qida zəhərlənmələri məsələsindən qurtula bilməyibdir. Bütün dünyada zəhərlənmələr baş verir. Bu zəhərlənmələr, əlbəttə, ayrı-ayrı insan orqanizmlərinin zəifliyinə də bağlıdır, mikrobioloji/bakterioloji amillərə də bağlıdır, məhsulların pis saxlanmasına də bağlıdır. Bura təsir edən çoxlu amillər var.
Azərbaycanda isə zəhərlənmələrin sayı az olmasa da, rəsmi saytlarda göstərilən rəqəmlər ümumi dünya göstəricilərindən 700 dəfə azdır. Azərbaycanda zəhərlənmələrin qeydiyyatı məsələsində böyük problem var. İnsan zəhərlənəndə nə kütləvi informasiya vasitələrinə müraciət edir, nə də hüquq-mühafizə organlarının yanına gəlir. Səhiyyə müəssisələrinə müraciət edir, orada çatan kimi mədəsini yuyurlar və bununla da məsələ bitir. Azərbaycan həkimləri heç vaxt rəsmi bir sənəd vermirlər ki, bu adam konkret nədən zəhərlənib. Biz 30 il ərzində bir nəfərin də hüququnu qorumağa nail ola bilməmişik ki, ona müəyyən bir kompensasiya verilsin. Belə bir şəraitdə-yəni zəhərlənmələrin gizli saxlanıldığı və ya səbəbinin müəyyən edilmədiyi bir mühitdə-zəhərlənmə halları davam edəcəkdir".
Ekspert eyni zamanda yaşadığı praktikanı da danışıb: "Mən məclislərin birində mis qazanın paslı olması səbəbindən üç nəfərin bir anın içində zəhərlənərək öldüyünü görmüşəm. Yəni göründüyü kimi, zəhərlənmə hətta bişirilən qab-qacağa görə də ola bilər. Əgər çirklənmə baş veribsə, deməli, orada ciddi təmizləmə işləri aparılmalıdır. Bilinməlidir ki, qidalar tarladan və ya fermadan istehlakçıya qədər "soyuq zəncir" prinsipi üzrə çatdırılmalıdır. Əgər bu prinsiplər, onların saxlanma və hazırlanma şərtləri pozulubsa, sanitariya vəziyyəti normal deyilsə, əlbəttə, zəhərlənmələr davam edəcəkdir.
Azərbaycanda zəhərlənmələrin qeydiyyatı məsələsi tam şəffaflaşmalıdır. Sənaye üsulu ilə istehsal olunmuş məhsullardan zəhərlənmə şübhəsi olduqda da bu məsələlər aşkar şəkildə araşdırılmalıdır. Nə qədər ki buralarda aşkarlıq yoxdur, bu cür arzuolunmaz hallar davam edəcək".
Turqut Ansari
20:30 23.07.2026
Oxunuş sayı: 29