Qadağa var, amma effekt yoxdur: Yeniyetmələr sosial şəbəkələrdən çıxmır
Avstraliyada 16 yaşdan kiçik uşaqlar üçün tətbiq edilən sosial şəbəkə qadağası gözlənilən nəticəni verməyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ötən ilin dekabrında qüvvəyə minən qanunun əsas məqsədi yeniyetmələrin psixi sağlamlığını qorumaq idi. Lakin altı ay sonra aparılan araşdırmalar göstərib ki, azyaşlı istifadəçilərin əksəriyyəti Snapchat, Instagram və YouTube kimi platformalarda hesab açmağa və istifadəni davam etdirməyə müvəffəq olur.
Məlumata görə, texnologiya şirkətlərinin əksəriyyəti istifadəçilərin yaşını ciddi şəkildə yoxlamaq əvəzinə sadəcə onların öz bəyanatına etibar edir. Bu isə uşaqlara yaşlarını böyük göstərərək asanlıqla yeni hesab yaratmağa imkan verir. Bəzi hallarda isə valideynlər üz tanınması yoxlamasını övladlarının əvəzinə tamamlayır və ya uşaqlar əvvəlcədən açılmış, təsdiqlənməmiş hesablarından istifadə etməyə davam edirlər.
Araşdırmada həmçinin qeyd olunur ki, istifadəçinin yaşını internet fəaliyyətinə əsasən müəyyən etməyə çalışan proqram təminatları da əksər hallarda etibarlı nəticə vermir.
Mövcud vəziyyət fonunda Avstraliya hökuməti texnologiya şirkətləri üçün nəzərdə tutulan maksimum cərimələri iki dəfə artırıb və qaydalara əməl olunmaması halında məhkəmə tədbirlərinə əl atılacağı barədə xəbərdarlıq edib.
Buna baxmayaraq, Avropa İttifaqı da daxil olmaqla bir sıra ölkələr Avstraliyanın təcrübəsini yaxından izləyir və oxşar yaş məhdudiyyətlərinin tətbiqini nəzərdən keçirirlər.
08:27 24.07.2026
Oxunuş sayı: 46