Əzim Əzimzadənin Ev Muzeyinin 61 illiyi qeyd olundu
Əzim Əzimzadənin Ev Muzeyinin yaranmasının 61 illiyi münasibətilə keçirilən tədbirdə muzeyin fəaliyyəti, böyük rəssamın zəngin yaradıcılığı və Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən bəhs olunub.
Tədbiri Əzim Əzimzadənin Ev Muzeyinin direktoru İradə Əzimzadə açaraq qonaqları salamlayıb. O, çıxışında Əzim Əzimzadənin həyat və yaradıcılıq yolundan danışıb, onun Azərbaycan təsviri incəsənətinin inkişafındakı əvəzsiz xidmətlərini vurğulayıb. Direktor muzeyin 61 il ərzində milli-mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirdiyi fəaliyyət barədə də məlumat verib.
Tədbirdə iştirak edən Cəfər Cabbarlının nəvəsi və Cəfər Cabbarlının Ev Muzeyinin direktoru Qəmər Seyfəddin qızı, dəvətə görə təşkilatçılara təşəkkürünü bildirib. O, Əzim Əzimzadə və Cəfər Cabbarlı kimi görkəmli şəxsiyyətlərin irsinin yaşadılmasının böyük əhəmiyyət daşıdığını qeyd edib.
Bədii hissədə IX "Muğam" televiziya müsabiqəsinin diplomantı, VIII "Muğam" televiziya müsabiqəsinin diplomantı və respublika müsabiqələri laureatı Aydan Həmzəyeva, IX "Muğam" televiziya müsabiqəsinin finalçısı Əhəd Ağayev, IX "Muğam" Televiziya Müsabiqəsinin (8-16 yaş kateqoriyası üzrə) II yer qalibi Murad Nəbizadə, eləcə də Məhərrəm Süleymanzadə və Rəsul Hacızadə Azərbaycan bəstəkarlarının əsərlərini və xalq mahnılarını ifa edərək tədbirə xüsusi rəng qatıblar.
Səmimi atmosferdə keçən yubiley tədbiri iştirakçılar tərəfindən maraqla qarşılanıb və Əzim Əzimzadənin zəngin irsinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Nigar Xəlilli
10:30 17.07.2026
Oxunuş sayı: 51