Ermənistanın Təpəbaşı soyqrımı davam edir
Tarixi irsin qorunması hər bir xalqın kimliyinin və yaddaşının yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Lakin dünyanın müxtəlif bölgələrində tarixi-mədəni irsin məqsədli şəkildə məhv edilməsi və ya mənşəyinin dəyişdirilməsi ilə bağlı mübahisələr davam etməkdədir. Azərbaycan tərəfi də uzun illərdir müasir Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi-mədəni irsin sistemli şəkildə dağıdıldığını və izlərinin silindiyini bəyan edir. Bu kontekstdə İrəvanın ən qədim məhəllələrindən biri hesab olunan Təpəbaşı ətrafında baş verən son proseslər xüsusi diqqət çəkir. İrəvanın tarixi Təpəbaşı məhəlləsinin planlaşdırılan sökülməsi və genişmiqyaslı “yenidənqurma” layihəsi sadəcə şəhərsalma yenilənməsi deyil, müasir Ermənistan ərazisində Azərbaycan tarixi-mədəni irsinin planlı şəkildə məhv edilməsinin son mərhələsi kimi təqdim olunur.
Mövzu ilə bağlı tarixçi Boran Əziz Crossmedia.az-a açıqlamasında qeyd edib ki, yer adlarının dəyişdirilməsi, tapılan maddi-mədəniyyət abidələri üzərində saxta cizgilər və yazılar həkk etməklə onları öz irsi kimi təqdim etməyə çalışmaq ermənilərin uzun illərdir davam etdirdiyi üsullardan biridir: “Bu barədə zaman-zaman çoxsaylı əsərlər yazılıb. Onların torpağa daş basdıraraq müəyyən müddətdən sonra guya böyük bir arxeoloji tapıntı əldə etdiklərini iddia etmələri, yaxud X–XI əsrlərə aid Azərbaycan abidələrinin üzərində kufi xətti ilə sağdan sola yazılmış yazıları soldan sağa oxuyaraq bunu guya ən qədim erməni əlifbası kimi təqdim etmələri saxtakarlığın nümunələridir. Bu məsələlərlə bağlı vaxtilə həm Azərbaycan tarixşünaslığında, həm də “Voprosı Armenii” jurnalında materiallar dərc olunub. Hətta Ermitaj Muzeyinin direktoru Petrovski də bu mövzuda məqalə yazmışdı. Xüsusilə qeyd olunmalıdır ki, ermənilər Azərbaycan ərazilərinə köçürüldükdən sonra, o cümlədən 1936-cı ildən etibarən xalqımıza məxsus toponimlərin dəyişdirilməsi, məscidlərin yer üzündən silinməsi istiqamətində sistemli fəaliyyət göstəriblər. Onlar bu ərazilərin xalqımıza məxsus olduğunu göstərən izləri silmək üçün heç nədən çəkinməyiblər. Lakin unudublar ki, həmin dövrdə yaşamış insanların yaddaşı ilə yanaşı, tarixi sənədlərdə də bu həqiqətlər öz əksini tapıb. Həm Ermənistanın özündə, həm də vaxtilə Ermənistanda çap edilərək dünyanın müxtəlif ölkələrinə göndərilən nəşrlərdə, o cümlədən “Ermənistan ərazisindəki maddi-mədəniyyət abidələri” adlı kitabda və digər mənbələrdə bu faktlar geniş şəkildə qeyd olunub”.

Tarixçi qeyd edib ki, bütün bunlar xalqımıza məxsus tarixi və mədəni irsin düşünülmüş, planlı və ardıcıl şəkildə məhv edilməsinə yönəlmiş addımlardır: “Əgər onlar doğrudan da bu işləri XIX əsrin 30-cu illərindən başlayaraq, oradakı sonuncu azərbaycanlı qovulana qədər həyata keçirməsəydilər, bəlkə də bunu yeni şəhərsalma siyasəti kimi qiymətləndirmək olardı. Lakin onların şəhərsalma adı altında atdıqları addımları əsaslandırmaq cəhdləri əslində xalqımıza məxsus sonuncu toponimlərin və yaşayış məntəqələrinin tamamilə aradan qaldırılmasına xidmət edir. Bu isə tarixi cinayətdir və qınanılmalı, pislənilməlidir. Bununla bağlı həm tarixçilərimiz, həm də hüquqşünaslarımız beynəlxalq qurumlara əsaslandırılmış məlumatlar təqdim etməlidirlər. Bu məsələnin ətrafında geniş şəkildə birləşməyə və səsimizi beynəlxalq ictimaiyyətə çatdırmağa tam haqqımız var”.
Ayhan
16:30 08.07.2026
Oxunuş sayı: 43