KİV: Paşinyan hökumətdə ilk istefanı hazırlayır
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin tərkibində geniş dəyişikliklərin olmayacağını bəyan etsə də, ölkə mətbuatı bir sıra kadr dəyişikliklərinin gözlənildiyini yazır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, vəzifəsindən uzaqlaşdırılması gözlənilən ilk şəxslərdən biri yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan olacaq.
Məlumata əsasən, planlaşdırılan istefanın səbəblərindən biri onun hakim "Vətəndaş Müqaviləsi" Partiyasının seçkiqabağı kampaniyasında passiv fəaliyyət göstərməsi ilə əlaqələndirilir.
Qəzetin yazdığına görə, Ayrapetyanın ilin sonunadək Ermənistan Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəd ola biləcəyi də müzakirə edilir. Hazırkı federasiya prezidenti Armen Melikbekyan isə namizədliyini yenidən irəli sürməyəcəyini açıqlayıb.
Qeyd edək ki, bu məlumat hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
11:56 08.07.2026
Oxunuş sayı: 47