Rusiyada FTX-nin Qafqazda keçirdiyi əməliyyatda 65 müsəlman saxlanılıb
Rusiyanın hüquq-mühafizə orqanları Şimali Qafqazda “Ət-Təkfir vəl-Hicra” adlı təşkilata qarşı xüsusi əməliyyat keçirib.
Crossmedia.az xəbər verir ki, Rusiya FTX və DİN-in məlumatına görə, fəaliyyəti 2010-cu ildən qadağan edilən təşkilatın “ləğv edildiyi” bildirilib.
Rusiya tərəfinin iddiasına əsasən, qrup 2020–2026-cı illər arasında Qaraçay-Çərkəz Respublikasında fəaliyyət göstərib. Lakin müstəqil tədqiqatçılar və islamşünaslar əvvəllər də belə bir təşkilatın real mövcudluğunu şübhə altına alıb və qeyd ediblər ki, Rusiya hüquq-mühafizə orqanları bu addan bəzi cinayət işlərində təzyiq vasitəsi kimi istifadə edə bilər.
Əməliyyat çərçivəsində Qaraçay-Çərkəz, Dağıstan, Kabardin-Balkar, Stavropol diyarı, eləcə də Həştərxan, Moskva və Samara vilayətlərində ümumilikdə təxminən 70 axtarış keçirilib.
Hüquq-mühafizə orqanları dini ədəbiyyat, elektron daşıyıcılar və silahların müsadirə edildiyini açıqlayıb.
Əməliyyatın nəticələrinə görə, 65 nəfər həbs edilib, daha bir nəfər barəsində ev dustaqlığı tədbiri seçilib.
Hüquq müdafiəçiləri isə bildirirlər ki, Rusiyada “camaatlar” və “ekstremist təşkilatlar”la bağlı bir sıra işlər uzun müddətdir müsəlmanlara və Qafqaz sakinlərinə qarşı genişmiqyaslı təzyiq vasitəsi kimi istifadə olunur. Onların fikrincə, bu addımlar çox vaxt “terrorizmlə mübarizə” adı altında həyata keçirilir.
14:46 07.07.2026
Oxunuş sayı: 66