Deputat: YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin yol xəritəsini müəyyənləşdirdi
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin müstəqillik tarixində tam suverenlik mərhələsinə qədəm qoyduğu bir dövrdə keçirildi. Partiya sədri, Prezident İlham Əliyevin proqram xarakterli çıxışı yalnız partiya üzvləri üçün deyil, bütün cəmiyyət üçün gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən strateji baxış oldu. Bu çıxış müstəqilliyin bərpasından keçən yolu qiymətləndirməklə yanaşı, qarşıdakı çağırışlara cavab vermək üçün konkret vəzifələr irəli sürdü.
Qurultayın əhəmiyyəti ondadır ki, o, ərazilər üzərində konstitusiya hüquqlarının tam bərpasından sonra formalaşan yeni reallıqlar fonunda baş tutdu. Artıq qələbə və suverenlik mərhələsi geridə qalmış, növbəti mərhələdə isə əldə edilən nailiyyətlərin möhkəmləndirilməsi, potensial təhdidlərin qarşısının alınması və dövlətin hərbi, iqtisadi, ideoloji gücünün daha da artırılması prioritetə çevrilmişdir. Dövlət başçısının səsləndirdiyi yanaşma bu prioritetləri aydın şəkildə ortaya qoyur və milli birliyin, vətənpərvərlik ruhunun, keyfiyyətli maarifləndirmənin və beynəlxalq mövqelərin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı, YAP idarə heyətinin üzvü Azər Badamov Crossmedia.az-a açıqlama verib:
“YAP-ın VIII Qurultayında partiyanın sədri, Prezident İlham Əliyev proqram xarakterli nitqlə çıxış edərək müstəqilliyimizin bərpasından sonra keçdiyimiz yola bir daha nəzər saldı və indiki dövrün çağırışlarına uyğun olaraq partiya üzvləri qarşısında yeni vəzifələr qoydu. Əslində, dövlət başçımızın səsləndirdiyi fikirlər ölkəni sevən, vətənpərvər hər bir şəxs üçün bir növ yol xəritəsidir.
Bəli, biz ağır və çətin bir dövr yaşamışıq. Məhz belə bir mürəkkəb tarixi mərhələdə Yeni Azərbaycan Partiyasının yaradılması zərurətə çevrilmişdi. YAP yarandığı gündən xalqı öz ətrafında birləşdirərək Azərbaycan dövlətinin müstəqilliyini möhkəmləndirməyi və qarşıya qoyulan əsas vəzifələrdən biri kimi torpaqlarımızın işğaldan azad edilməsini hədəfləyib.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursu əsasında müstəqil və güclü Azərbaycan Respublikasını inşa edən Prezident İlham Əliyev xalqın dəstəyi ilə 2020-ci ildə apardığımız 44 günlük Vətən müharibəsində ərazilərimizin suverenliyinin bərpası istiqamətində mühüm tarixi mərhələni başa çatdırdı.
Partiyamızın VII Qurultayı da məhz Zəfərimizdən sonra yaranmış yeni reallıqlar fonunda keçirilmişdi. 2 oktyabrda keçirilən VIII Qurultay isə ərazilərimizdə suverenliyin və konstitusion hüquqlarımızın bütün ərazilərdə bərpasından sonra yeni mərhələdə baş tutdu.
Təbii ki, Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. Qələbəmiz və suverenliyimizin bərpası ilə bağlı yaranmış yeni reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir. Bununla belə, risklər hələ də qalmaqdadır. Bu risklər əsasən xarici amillərlə bağlıdır və onlara qarşı mübarizəmizi daha da genişləndirməliyik.
Dövlət başçımızın qarşımıza qoyduğu əsas vəzifələrdən biri hərbi gücümüzün daha da artırılmasıdır. Çünki gücümüzün zəifləməsi potensial təhdidlər üçün imkan yarada və keçmişdə yaşadığımız faciələrin təkrarlanması riskini artıra bilər. Bu baxımdan hərbi qüdrətin daha da gücləndirilməsi qarşıda duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib.
İkinci mühüm məsələ isə təxribatlara imkan verməməkdir. Bu gün regionumuzun ətrafında müxtəlif müharibə və gərginlik ocaqları mövcuddur. Azərbaycan isə sabitlik və müstəqil siyasət yürüdən dövlət kimi öz mövqeyini qoruyur. Bu siyasətin müəyyən dairələr tərəfindən qəbul edilmədiyi və müxtəlif vasitələrlə Azərbaycan cəmiyyətinə təsir göstərməyə cəhdlər edildiyi vurğulanır”.
Deputat qeyd edib ki, bu baxımdan Azərbaycan dilində müxtəlif media kanallarının yaradılması və sosial şəbəkələrdən istifadə etməklə cəmiyyətə təsir göstərmək cəhdlərinin qarşısının alınması üçün ideoloji işin daha da genişləndirilməsi vacib vəzifələrdən biridir: “Bunun üçün daha keyfiyyətli təhsilin təmin edilməsi, cəmiyyətin maarifləndirilməsi və əldə etdiyimiz nailiyyətlərin mahiyyətinin və reallıqlarının ictimaiyyətə düzgün çatdırılması mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi də qarşıda duran vacib məsələlərdəndir. Ölkədə milli həmrəyliyi və birliyi daha da möhkəmləndirməklə “Dəmir yumruq”un gücünü artırmalıyıq.
Qarşımızda duran mühüm vəzifələrdən biri də iqtisadi gücümüzün daha da artırılmasıdır. Təbii ki, iqtisadi müstəqilliyimizin möhkəmliyi siyasi müstəqilliyimizi də gücləndirir. Bu baxımdan ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi əsas vəzifələrdən biridir.
Dövlət başçımızın VIII Qurultayda səsləndirdiyi fikirlər və qarşıya qoyduğu vəzifələr qarşıdakı dövr üçün mühüm istiqamətləri müəyyənləşdirir. Bu hədəflərin ardıcıl şəkildə həyata keçirilməsi Azərbaycanın daha güclü, dayanıqlı və müstəqil dövlət kimi inkişafına xidmət edəcəkdir”.
Ayhan
20:15 05.10.2026
Oxunuş sayı: 59