Anar Quliyev: Azad edilmiş ərazilərdə 96 min insan yaşayır
Bu gün Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alır.
Crossmedia.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, bu gün Ümumdünya Memarlıq Günü və Ümumdünya Məskunlaşma Günüdür: "Bu il hər iki günün mövzusu mənzillə bağlıdır - hər kəs üçün adekvat mənzil və mənzil hüququ. 2026-cı il Azərbaycanda "Şəhərsalma və Memarlıq İli"dir. Qarabağ və Şərqi Zəngəzurda isə bu mövzu artıq gündəlik həyatın bir hissəsidir. Böyük Qayıdış çərçivəsində yeni yaşayış məntəqələri qurulur, insanlar doğma yurdlarına qayıdırlar".
A.Quliyev qeyd edib ki, bu gün artıq 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşıb: "Ümumilikdə bölgədə artıq 96 min insan yaşayır, çalışır və təhsil alır. Böyük Qayıdış isə davam edir. Şəhərsalma və memarlığın əsl ölçüsü də budur: yaratdığımız məkanlarda insanların öz həyatını qura bilməsi".
20:08 05.10.2026
Oxunuş sayı: 55